logo

Zəfər Günündə avtoxuliqanlıq edən şəxslər həbs olunub

10:50 14-11-2022 | icon 448
Zəfər Günündə avtoxuliqanlıq edən şəxslər həbs olunub

Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin (DYPŞ) əməkdaşları şəhər ərazisində avtoxuliqanlıq edərək ictimai-asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücüləri saxlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan YeniAvropa-ya verilən məlumata görə, Göygöl rayon sakini Elşən Məmmədov 8 noyabr - Zəfər Günündə “Niva” markalı avtomobil ilə yollarda intizamsızlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq etdiyi, eləcə də digər hərəkət iştirakçılarına təhlükə yaratdığı məlum olub.

Bundan başqa, polis əməkdaşları tərəfindən Gəncə şəhər sakini Elcan Cəfərovun da “VAZ-2107” markalı avtomobil ilə təhlükəli manevrlər etməsi aşkar olunub.

Hər iki şəxs barəsində protokol tərtib olunaraq məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə hər iki şəxs ardıcıl olaraq 25 və 20 sutka inzibati qaydada həbs edilib.

Qanunla qadağan edilməsinə baxmayaraq sayrışan işıqlardan istifadə edən Sənan Qurbanov və dövlət qeydiyyat nişanını gizlədən digər sürücü isə cərimə edilib.