logo

Milli Məclisin komitə iclasında müzakirə olunan 15 qanun layihəsi plenar iclasa tövsiyə edilib

17:47 23-09-2022 | icon 1232
Milli Məclisin komitə iclasında müzakirə olunan 15 qanun layihəsi plenar iclasa tövsiyə edilib

Sentyabrın 23-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

YeniAvropa xəbər verir ki, deputatları salamlayan komitənin sədri Tahir Mirkişili gündəliyə 15 məsələnin daxil edildiyini bildirib.

Gündəliyin təsdiqindən sonra komitə sədri qeyd edib ki, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində yaradılan üç işçi qrupundan ikisinin əvvəlki iclasda görülən işlərlə bağlı məruzəsi dinlənilib.

Bu iclasda isə komitənin üzvü Vüqar Bayramov rəhbərlik etdiyi işçi qrupunun gördüyü işlərlə bağlı məruzə edəcək.

Deputat Vüqar Bayramov qrupun vergi məsələləri ilə bağlı gördüyü işlər barədə məlumat verərək müvafiq dövlət orqanları ilə qurulan faydalı əməkdaşlıq, aparılan müzakirələr haqqında danışıb.

Sonra gündəlikdəki məsələlərin müzakirəsi başlayıb.

Komitə sədri birinci məsələnin “Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında Əsasnamə”nin təsdiq edilməsi haqqında”, “Maliyyə-sənaye qrupları haqqında” və “Torpaq icarəsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) olduğunu bildirib. Qeyd edib ki, layihədəki ilk iki qanuna dəyişiklik Azərbaycan Prezidentinin müvafiq Fərmanı ilə Vergilər Nazirliyinin, Əmlak Məsələləri Dövlət Komitəsinin və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilməsi ilə bağlı qanunvericiliyin uyğunlaşdırılması məqsədilə hazırlanıb.

Layihədəki “Torpaq icarəsi haqqında” Qanuna dəyişikliklə bağlı Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov məlumat verib. Bildirib ki, qanunun 5-ci maddəsində “dövlət müəssisə, idarə və təşkilatlarının yerləşdiyi” ifadəsinin daha geniş əhatəyə malik “dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsində olan” ifadəsi ilə əvəzlənməsi təklif olunub.

Tahir Mirkişili qeyd edib ki, gündəliyin 2-ci, 13-cü, 14-cü və 15-ci məsələləri bir-biri ilə yaxındır və onlar haqqında ümumi məlumat vermək üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti rəisinin müavini Samirə Musayevaya söz verilib. Bildirilib ki, Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında birinci oxunuşda olan iki qanun layihəsi vergi orqanları və onların vəzifəli şəxsləri tərəfindən vergiödəyiciləri haqqında məlumatın hansı hallarda və hansı orqanlara (qurumlara) verilə bilməsi, eyni zamanda, aksizli və məcburi nişanlama ilə nişanlanmalı malların dövriyyəsinə vergi nəzarətinin təmin edilməsi məqsədləri ilə hazırlanıb.

Vergi Məcəlləsində, “Sosial sığorta haqqında”, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Tibbi sığorta haqqında” və “Daşınar əmlakın yüklülüyü haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) isə Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında 2021-ci il 3 dekabr tarixli 406-VIQD nömrəli qanuna uyğun olaraq hazırlanıb. Dövlət Vergi Xidməti rəisinin müavini təklif olunan dəyişikliklərin istiqamətləri ilə bağlı deputatlara ətraflı arayış verib.

“Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı Samirə Musayeva qeyd edib ki, qanuna təklif olunan əlavəyə görə, tütün məmulatlarının istehsalçıları və idxalçıları Dövlət Vergi Xidmətinin informasiya sisteminə qoşulması barədə bildirişi aldıqları tarixdən bir ay müddətində həmin məmulatlara tətbiq edilməsi üçün alınmış məcburi nişanlamaya görə dövlət rüsumundan azad olunurlar. Həmçinin həmin müddətin bir aydan çox olmamaq şərti ilə 5 dəfə uzadılması halı da nəzərdə tutulub.

Gündəliyin digər məsələləri müzakirəyə təqdim olunarkən onlar haqqında komitə sədri Tahir Mirkişili məlumat verib. Bildirilib ki, “Gömrük tarifi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) siyahısı müvafiq orqan (qurum) tərəfindən təsdiq olunmuş avadanlıq, cihaz, qurğu və təhsil fəaliyyəti məqsədilə digər vasitələrin müvafiq orqanın (qurumun) təsdiqedici sənədi əsasında dövlət ümumi təhsil müəssisələri tərəfindən idxalının 2 il müddətinə gömrük rüsumundan azad edilməsini nəzərdə tutur.

“Qrant haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) Azərbaycan Respublikasının adından və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) adından aldığı qrantların reyestrinin aparılması qaydasını müəyyən edir.

İclasda müzakirəyə çıxarılmış Mülki Məcəllədə dəyişiklik edilməsi haqqında, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda dəyişiklik edilməsi barədə, “Notariat haqqında” Qanunda dəyişiklik edilməsi barədə birinci oxunuşda olan qanun layihələrinin bir-biri ilə əlaqəli olduğu bildirilib. Komitə sədri onlar haqqında məlumat verərkən dəyişikliklərə görə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı ilə bağlı yalnız notariusa müraciətin yetərli olmasından danışıb, qanun layihələrinin ölkədə elektron xidmətlərin inkişafı və dövlət xidmətlərinin vətəndaşlarımıza “bir pəncərə” sistemi ilə daha rahat və daha şəffaf şəkildə göstərilməsi baxımından əhəmiyyətini vurğulayıb.

“Büdcə sistemi haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Hesablama Palatası haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) “Büdcə sistemi haqqında” Qanunda dəyişiklik edilməsi ilə bağlı 2021-ci il 24 dekabr tarixli 440-VIQD nömrəli Qanunun tətbiqini təmin etmək məqsədilə hazırlanıb.

Birinci oxunuşda komitənin müzakirəsinə çıxarılan “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə iki qanun layihəsinin birində şəhər (rayon) ərazisində baytarlıq yükünün daşınması üçün tələb olunan baytarlıq arayışının alınması ilə bağlı dövlət rüsumunun ləğv edilməsi, digərində isə “Media haqqında” Qanunun tətbiqini təmin etmək üçün termin əvəzlənməsi təklif olunub.

Gündəliyin qalan iki qanun layihəsi isə “İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutunun (SMİC) Əsasnaməsi”nin və “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi ilə bağlıdır.

Müzakirə olunan məsələlərlə bağlı komitə sədri Tahir Mirkişili, komitə sədrinin müavini Əli Məsimli, komitə üzvləri Vahid Əhmədov, Məşhur Məmmədov, İqbal Məmmədov, Vüqar Bayramov, Məzahir Əfəndiyev, Aydın Hüseynov çıxış edərək fikirlərini bildirib, rəy və təkliflərini səsləndiriblər.

Müzakirələrin sonunda gündəlikdəki bütün qanun layihələri Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə edilib.

İclasda deputatlar Ziyad Səmədzadə, Mahir Abbaszadə və digər rəsmi şəxslər iştirak ediblər.