logo

Vətən müharibəsində yaralanan 200-dək hərbçimizin müalicəsi Türkiyədə aparılıb-Nazir

11:11 22-09-2022 | icon 2352
Vətən müharibəsində yaralanan 200-dək hərbçimizin müalicəsi Türkiyədə aparılıb-Nazir

Azərbaycan və Türkiyə dövlət başçılarının himayəsi altında ölkələrimiz arasında hər sahədə inkişaf edən münasibətlər səhiyyə sektoruna da öz müsbət təsirlərini göstərməkdədir. İlk dəfə təşkil olunan Azərbaycan-Türkiyə Səhiyyə Biznes Forumu və Sərgisi qardaş ölkələr arasındakı münasibətlərin inkişafına ən yüksək səviyyədə verilən dövlət dəstəyinin növbəti təzahürüdür.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, tarixin ən çətin anlarında xalqlarımız birgə olub, qardaşlıq dəstəyini əsirgəməyib. Biz bunun müasir dövrdə istər COVID-19 pandemiyası ilə mübarizədə, istər 44 günlük şanlı Vətən müharibəsində, istərsə də müharibədən sonrakı proseslərdə bir daha şahidi olduq.

YeniAvropa xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev Azərbaycan-Türkiyə Səhiyyə Biznes Forumu və Sərgisində çıxışı zamanı deyib.

Nazir bildirib ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar xəsarət almış şəxslərin və şəhid ailələrinin təminatına dəstək məqsədilə yaradılmış “YAŞAT” Fondu vasitəsilə Vətən müharibəsindən ötən müddətdə 200-ə yaxın hərbçimiz müalicə üçün Türkiyə Respublikasına göndərilib. Onların böyük əksəriyyəti müalicələrini başa vuraraq vətənə geri dönüblər. Sağlamlıqlarına qovuşmuş şəxslərin arasında hər zaman dövlətimizin diqqət və qayğısı ilə əhatə olunan şəhidlərimizin ailə üzvləri də yer alır. Həmçinin Türkiyəli mütəxəssislər Azərbaycana dəvət olunaraq burada da müharibədə xəsarət almış şəxslərin sağlamlıqlarının bərpası prosesinə aktiv cəlb olunurlar.