logo

Xəzər dənizinin ən böyük barjı əsaslı təmir olunub

20:20 21-09-2022 | icon 854
Xəzər dənizinin ən böyük barjı əsaslı təmir olunub

Dəniz stasionar platformalarının tikintisi üçün böyükölçülü dayaq bloklarının daşınmasında istifadə olunan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “STB-1” barjı “Bibiheybət” Gəmi Təmiri Zavodunda əsaslı təmir olunub.

ASCO-dan YeniAvropa-ya bildirilib ki, təmir çərçivəsində barj üzrə baş mühərriklər, nasoslar, kompressorlar, buraxıcı hava balonları, boru sistemləri, göyərtədə yerləşən mexanizm və avadanlıqlar, dib-yan armaturları, protektor qurğuları təmir olunub, köməkçi mühərriklər sazlanıb. Gəminin generatorları, işıqlandırma sistemləri, elektrik avadanlıqları və idarəetmə sistemlərində də təmir işləri aparılıb.

“STB-1”in sağ və sol göyərtəsində yerləşən qoruyucu tirlərin müəyyən hissələri isə modifikasiya olunub.

Bundan başqa, təmir çərçivəsində zəncir qutuları, lövbər zəncirləri, gəminin sualtı, suüstü hissəsi, ballast çənləri, yük göyərtəsi, maşın şöbəsi və mexanizmlər təmizlənərək rənglənib.

Heyətin yaşayış şəraitini yaxşılaşdırmaq üçün yeməkxana, sanitar qovşaqlar, istirahət otağı və kayutlarda da zəruri işlər yerinə yetirilib.

Təmirdən yeni çıxan barj “Azəri-Mərkəzi-Şərqi” layihəsində istismar olunması üçün BP şirkətinə icarəyə verilib.

Məlumat üçün bildiririk ki, “STB-1” barjının uzunluğu 163 metr, eni 45 metr, göyərtəyə yükgötürmə qabiliyyəti 18 min tondur. Bu da onun Xəzər dənizində ən böyük barj olduğunu deməyə əsas verir.