logo

Tehranın bəzi bölgələrində kütləvi aksiyalar keçirilib

11:55 20-09-2022 | icon 546
Tehranın bəzi bölgələrində kütləvi aksiyalar keçirilib

Ötən gecə Tehranın bəzi bölgələrində kütləvi aksiyalar keçirilib. Aksiya iştirakçıları dağıntılar törədərək asayişi pozublar.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, aksiya iştirakçıları polis zorakılığına etiraz edərək qadın hüquqlarının qorunmasının vacib olduğunu bildiriblər. Ötən gün isə bənzər aksiyalar İranın Kürdistan vilayətində də baş verib.

Sentyabrın 16-da kürd əsilli Məsiha Əmininin başını düzgün bağlamadığına görə polis şöbəsinə aparılması və 2 saatdan sonra xəstəxanada vəfat etməsi kütləvi etirazlara səbəb olub. İranda qadınların başıaçıq gəzməsi qanunla qadağan edilməsinə baxmayaraq, onların geniş hüquqları var. Yerli mətbuat və sosial şəbəkələrdəki materialların təhlili onu göstərir ki, bu hadisə ötən həftə əxlaq polisinə əlavə səlahiyyətlərin verilməsinin nəticəsidir. Əxlaq polisinə silah verilməsi icazəsi ilə yanaşı, əlavə səlahiyyətlərin verilməsindən 3 gün sonra bu hadisə baş verdi. Gənc xanımı zorla polis maşınına mindirib şöbəyə aparan əməkdaş həbs edilib. İranın rəsmi şəxsləri hadisəyə münasibət bildiriblər. Hətta ABŞ-a yola düşməzdən əvvəl Prezident İbrahim Rəisi 22 yaşlı Məsiha Əmininin ailəsi ilə telefon əlaqəsi saxlayıb, başsağlığı verib və hadisədən təəssüf hissi keçirdiyini nəzərə çatdırıb. Bütün bunlara baxmayaraq, aksiyaların davam etməsi başqa mətləblərdən də xəbər verir. Məsələnin mahiyyəti ondan ibarətdir ki, baş verən hadisə sadəcə olaraq bir bəhanədir. Bu barədə Tehran valisi Möhsün Mənsuru özünün tviter hesabında belə yazıb: “Bu gecə Tehranda keçirilmiş aksiyalar təşkil edilmiş və iğtişaşlar yaratmaq üçün planlaşdırılmışdır. Bayraq yandırmaq, küçələrə dizel tökmək, ictimai binaları daşa basmaq, zibil qutularını yandırmaq, polisə hücum etmək adi insanların işi deyil”.

Əlbəttə ki, iğtişaşlar yaratmaqla qadınların hüquqlarını qorumaq bir araya sığmır. Məsələnin əsl mahiyyəti İranda sosial-iqtisadi vəziyyətin ağırlığıdır. Ərzağın qiymətinin artması, əməkhaqqının az olması, işsizlik və bu kimi digər hallar İranda əhalinin narazılığına səbəb olub.