logo

MDB səhiyyə nazirləri Qazaxıstanda görüşəcəklər

19:09 19-09-2022 | icon 2611
MDB səhiyyə nazirləri Qazaxıstanda görüşəcəklər

Müstəqil Dövlətlər Birliyinin(MDB) səhiyyə sahəsində əməkdaşlıq Şurasının növbəti iclası sentyabrın 22-23-də Qazaxıstanın Türküstan şəhərində keçiriləcək.

 YeniAvropa xəbər verir ki, bu barədə MDB İcraiyyə Komitəsinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, iclasın gündəliyinin layihəsinə 20-dən çox məsələ daxildir.

Tədbir MDB-nin iştirakçısı olan dövlətlərin Şura çərçivəsində 30 illik fəaliyyəti ilə əlaqədar keçiriləcək.

İclasın iştirakçıları şəkərli diabet, onkoloji xəstəliklərin profilaktikası və müalicəsi, vərəmin yayılmasının qarşısının alınması sahəsində əməldaşlığa dair məsələləri müzakirə edəcəklər.

Bir blok məsələ COVID-19-la bağlı mövzulara həsr olunacaq: koronavirusun yayılması şəraitində psixi sağlamlıq və psixososial dəstək, pandemiya dövründə tibbi yardım göstərildikdə tibbi personalın emosional tükənməsi, eləcə də COVID-19-u keçirən pasiyentlərdə psixi pozuntuların profilaktikası, diaqnostikası, müalicəsi və reabilitasiyası. COVID-19-u keçirən şəxslərdə psixi pozuntular probleminin aktuallığı son iki ildə, koronavirus infeksiyasından sonra pasiyentlərdə bu cür pozuntulara dair çoxlu sayda sübutların ortaya çıxdığı zaman bəlli oldu.

MDB ölkələri COVID-19 və onun profilaktikası və müalicəsi ilə əlaqədar bütün spektr məsələlər üzrə təcrübə və praktiki iş mübadiləsində maraqlıdır.

İclasda, həmçinin milli qan xidmətlərinin təşkili və fəaliyyəti, MDB regionunda Dayanıqlı İnkişaf Məqsədlərinin icrası, yoluxucu olmayan xəstəliklərin profilaktikası və müalicəsi, rəqəmsal səhiyyə və teletəbabətin inkişafı məsələləri, eləcə də bir sıra təşkilati məsələlərin müzakirə edilməsi planlaşdırılır.