logo

Prokurorluq sərhəddəki müharibədən yayılan görüntülərlə bağlı araşdırma aparır

19:59 17-09-2022 | icon 1750
Prokurorluq sərhəddəki müharibədən yayılan görüntülərlə bağlı araşdırma aparır

Cari ilin sentyabrın 12-14-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatın və ölkəmizin ərazisinə və suverenliyinə qarşı hərbi təhlükələrin qarşısının alınması ilə əlaqədar Azərbaycan Silahlı Qüvvələri tərəfindən zəruri tədbirlər görülməklə həmin qanunsuz əməllərin qarşısı qətiyyətlə alınıb.

Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, həmin ərəfədə bəzi sosial şəbəkələrdə Azərbaycan hərbi qulluqçuları tərəfindən erməni silahlı birləşmələrinin üzvlərinin meyitlərinə qarşı qanunsuz əməllərə yol verilməsi, habelə saxlanılmış təxribatçılara qarşı qeyri-insani rəftar göstərilməsinin iddia olunduğu görüntülər paylaşılmışdır.

Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən bu kateqoriyadan olan videolar üzrə onların həqiqi olub-olmaması, habelə videolardakı görüntülərin çəkildiyi zaman və məkan, onlarda əks olunan hərbi qulluqçuların şəxsiyyəti, eləcə də obyektiv həqiqətin müəyyən edilməsi üçün əhəmiyyət kəsb edən digər bütün hallar tam və hərtərəfli araşdırılır.