logo

Daha 62 sakin Ağalıya qayıtdı

20:20 10-09-2022 | icon 700
Daha 62 sakin Ağalıya qayıtdı

İşğaldan azad edilmiş Zəngilan rayonunda “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə 62 nəfərdən ibarən daha 13 ailə köçürülüb.

YeniAvropa xəbər verir ki, 29 ildən sonra Vətənə dönən zəngilanlıları Ağalı kəndində Şərqi Zəngəzur İqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev qarşılayıb. Doğma yurdlarına qayıdan zəngilanlılara Ağalı kəndində yaradılan şərait barədə məlumat verilib.

Birgə nahardan sonra Ağalı sakinləri yeni evlərinə gəliblər. Xüsusi nümayəndəliyin əməkdaşları tərəfindən onlara evlərin açarları təqdim edilib. Mövcud qanunvericiliyə əsasən, məcburi köçkünlər daimi yaşayış yerlərinə qayıtdıqdan sonra üç il müddətində dövlətin onlar üçün müəyyən etdiyi sosial müdafiə tədbirlərindən yararlana biləcəklər.

Jurnalistlərin suallarını cavablandıran Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev bildirib ki, bu gün - sentyabrın 10-da Zəngilan rayonunun Ağalı kəndinə sakinlərin köçürülməsinin ikinci mərhələsi başa çatır: “13 ailənin 62 üzvü artıq Ağalı kəndindədir. Bu hissləri bizlərə bəxş edən Prezident İlham Əliyevə minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Bu günə qədər Ağalıya 66 ailə köçürülüb və müxtəlif müəssisələrdə, dövlət qurumlarında, təşkilatlarda, aqrar sahədə işlə təmin olunublar”.

Ömrünün çox hissəsini Ağalıda keçirən 81 yaşlı Qənfilə Qaytaranova sevincini AZƏRTAC-la bölüşüb: “Ömrümün axır çağında Vətənimə, torpağıma gəldim. Elə bildim ki, dünyaya yenidən gəlmişəm. Torpağımıza 29 il idi ki, həsrət idik. İndi bu həsrətimiz sona çatıb. Daha dərdim yoxdur. Allah Prezidentimizi, Ordumuzu qorusun, şəhidlərimizə rəhmət eləsin”.

Ağalının digər sakini Şahin Mahmudov isə deyib: “Kəndimizi tərk edəndə 14 yaşım var idi. Əvvəl Beyləqanda, sonra isə Bakıda məskunlaşmışdıq. İndi ailəmlə, övladlarımla kəndimizə qayıtmışam. Kiçik övladımın 6, böyük övladımın 16 yaşı var. Çox şükür olsun ki, kəndimizə qayıda bildik. Ağalı müharibədən əvvəl də gözəl idi. İndi daha gözəl olub. Burada daimi yaşayacağıq, qurub-yaradacağıq. Övladlarımızı doğma yurda sevgi ruhunda böyütmüşük. Hamımız sevinirik ki, yurdumuza dönmüşük”.

Ağalını görməyən 16 yaşlı Aqşin Mahmudov hər zaman ata yurduna gəlməyi arzulayıb. Bu gün onun da arzusu çin olub: “Mən Ağalını görməsəm də, nənəm, valideynlərim kənd haqqında çox danışıblar. Odur ki, Ağalı hər zaman mənim qəlbimdə olub, həmişə bura gəlməyi arzulamışam. Bu gün bu arzum gerçəkləşib. Sevinirəm ki, ana vətənimə gəlmişəm və burada yaşayacağam, təhsilimi kəndimizdə başa vuracağam”.

Qeyd edək ki, Ağalı kəndinə əhalinin köçürülməsi Böyük Qayıdışın ilk qədəmləridir. İşğala qədər bu inzibati ərazi 3 kəndi birləşdirib. Həmin dövrdə Birinci Ağalıda 40 ailə (154 nəfər), İkinci Ağalıda 60 ailə (245 nəfər), Üçüncü Ağalıda 161 ailə (675 nəfər) yaşayıb.

Ümumilikdə “ağıllı kənd” konsepsiyasına uyğun qurulan Ağalı kəndinə birinci mərhələdə 41 ailə (201 nəfər), ikinci mərhələdə 25 ailə (125 nəfər) köçürülüb. Ağalıda məskunlaşan sakinlər yüksəkkeyfiyyətli, “ağıllı” texnologiyalarla təchiz edilmiş evlərlə təmin olunublar. “Ağıllı kənd” layihəsi yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələri kimi komponentlər üzrə icra edilib. Ərazidə evlər, qeyri-yaşayış binaları, 360 şagird yerlik məktəb və 60 yerlik uşaq bağçası tikilib. Kəndin enerjiyə olan tələbatı alternativ enerji mənbələrindən əldə edilir.

Ağalı kənd meydanında Dövlət Xidmətləri Mərkəzi yaradılıb. Burada “Azərpoçt” MMC-nin rayon şöbəsi, “ASAN xidmət” və DOST, Kiçik və Orta Biznesin İnkişafı Mərkəzləri təsis olunub. Məqsəd kənd sakinlərinin dövlət xidmətlərinə rahat çıxışını təmin etməkdir. Bu mərkəzlərdə kənd sakinlərinə sosial təminat və məşğulluq sahəsində 100-dən çox xidmət onlayn formada göstərilir. Vətəndaş birbaşa videobağlantı ilə DOST mərkəzlərinin sosial agentinə müraciət edir və müraciəti yerindəcə həll olunur. “Ağıllı kənd” əhalisinin şəhərdə əldə edə biləcəyi bütün xidmətlərə, o cümlədən dövlət xidmətlərinə rahat çıxışı var.

Kənddə tikiş fabriki, ailə sağlamlıq mərkəzi (tibb məntəqəsi) də tikilib. Burada aptek, mağaza, kafe, mobil operator xidməti də fəaliyyət göstərir. Kənddə yaradılacaq “ağıllı kənd” təsərrüfatı idarəetmə sistemində ən müasir texnoloji yeniliklər tətbiq olunub.