logo

12 Azərbaycan vətəndaşı Suriyadan ölkəmizə gətirilib

16:56 10-09-2022 | icon 1302
12 Azərbaycan vətəndaşı Suriyadan ölkəmizə gətirilib

Sentyabrın 10-da Suriya Ərəb Respublikasının Cerablus şəhərindəki Amerna düşərgəsində saxlanılan 12 nəfər Azərbaycan Respublikası vətəndaşının ölkəmizə repatriasiyası həyata keçirilib. Onlar arasında olan 7 və 10 yaşlı bacı-qardaş hər iki valideynini itirib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən YeniAvropa-ya bildirilib ki, repatriantların ölkəmizə gətirilməsi Azərbaycan Respublikası hökumətinin mərhələli və koordinasiyalı tədbirləri nəticəsində reallaşıb. Əvvəlcə onların yeri, şəxsiyyəti və Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti müəyyən edilib, daha sonra əldə olunmuş razılıq əsasında onların Türkiyə Respublikasının ərazisindən tranzit keçidi təmin olunub.

İraq və Suriya Ərəb respublikalarından Azərbaycan vətəndaşlarının repatriasiyasına məsul müvafiq dövlət qurumlarının daxil olduğu işçi qrupun Türkiyə Respublikasına ezam edilmiş nümayəndələri tərəfindən repatriantların ilkin tibbi və psixoloji müayinəsi həyata keçirilib, zəruri yardımlar göstərilib, həmçinin Azərbaycanın Türkiyədəki səfirliyi tərəfindən vətəndaşlarımız Azərbaycan Respublikasına qayıdış şəhadətnamələri və uçuş biletləri ilə təmin edilib.

Zəruri prosedurlar yekunlaşdıqdan sonra repatriantlar ailələrinə və qəyyumlarına təhvil veriləcək. Azərbaycan Respublikasının hökuməti tərəfindən onların reinteqrasiyası və reabilitasiyası üçün bütün lazımi tədbirlərin görülməsi nəzərdə tutulub.

Repatriasiyanın həyata keçirilməsində Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarının birgə və əlaqələndirilmiş fəaliyyəti, habelə Türkiyə Respublikası tərəfindən göstərilmiş yardım xüsusi qeyd olunmalıdır. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi fürsətdən istifadə edərək bu prosesin təşkilində səmərəli əməkdaşlığa görə bütün aidiyyəti dövlət qurumlarına təşəkkürünü bildirir.

Azərbaycan hökuməti milli qanunvericiliyə və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, xarici ölkələrdə çətin vəziyyətdə düşmüş və yardıma ehtiyacı olan Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarının qorunması istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirir.