logo

Şeyxülislam Allahşükür Paşazadə Qazaxıstana səfərə gedir

14:54 10-09-2022 | icon 679
Şeyxülislam Allahşükür Paşazadə Qazaxıstana səfərə gedir

Sentyabrın 12-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Qazaxıstan Respublikasına səfər edəcək.

Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, səfərdə məqsəd Qazaxıstanda keçiriləcək Dünya və ənənəvi din liderlərinin VII Qurultayında iştirak etməkdir.

Sentyabrın 14-15-də Qazaxıstanın paytaxtı Nursultan şəhərində keçiriləcək Qurultayda bir sıra ölkələrin dövlət başçıları, dünya və ənənəvi dinlərin liderləri, beynəlxalq təşkilatların rəhbərləri, görkəmli siyasət, elm və ictimaiyyət xadimlərinin iştirakı nəzərdə tutulur.

İki onillik tarixə malik, dinlərarası dialoqa dair nüfuzlu beynəlxalq platforma olan Qurultayın budəfəki mövzusu “Dünya və ənənəvi din liderlərinin postpandemiya dövründə bəşəriyyətin mənəvi və sosial inkişafında rolu”dur.

Dünya və ənənəvi din liderlərinin qurultaylarının Katibliyinin daimi üzvü olan QMİ sədri A.Paşazadə sentyabrın 13-də Qazaxıstan Senatının sədri Maulen Aşimbayevin rəhbərliyi ilə keçiriləcək Qurultay Katibliyinin iclasında iştirak edəcək. Sentyabrın 14-də şeyxülislam Allahşükür Paşazadə VII Qurultayın plenar iclasında çıxış edəcək.

Qurultayın açılış mərasimində Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin iştirak edəcəyi gözlənilir. BMT Baş katibi Antoniu Quterreşin Qurultay iştirakçılarına videomüraciəti nəzərdə tutulur.

Qurultayların daimi iştirakçısı olan şeyxülislam Allahşükür Paşazadənin bu səfəri zamanı həmişə olduğu kimi, Qazaxıstanın ali rəhbərliyi və tədbir çərçivəsində dünyanın nüfuzlu dini liderləri, o cümlədən Roma Papası Fransisk həzrətləri və Vatikan rəsmiləri, habelə Əl-Əzharın Baş İmamı Şeyx Əhməd əl-Tayyib ilə görüşləri, dünyanın tanınmış media qurumlarına müsahibələri nəzərdə tutulur.

Səfər sentyabrın 16-dək davam edəcəkdir.