logo

İlham Əliyev 35 saylı tam orta məktəbdə yaradılan şəraitlə tanış olub

15:15 08-09-2022 | icon 1113
İlham Əliyev 35 saylı tam orta məktəbdə yaradılan şəraitlə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Nəsimi rayonunda yeni korpusu tikilən 35 saylı tam orta məktəbdə yaradılan şəraitlə tanış olub.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov məktəbdə yaradılan şərait barədə dövlət başçısına məlumat verib.

Bildirilib ki, 1931-ci ildən fəaliyyət göstərən 35 nömrəli tam orta məktəb tamamilə yenidən qurulub, təhsil ocağının 1931-1935-ci illərdə inşa edilmiş köhnə korpusu sökülərək yenidən inşa olunub. Məktəbin 888 şagird yerlik yeni binasında 24 sinif, informatika, əmək, hərbi hazırlıq, xarici dil, musiqi, rəsm, tibb otaqları, fizika, kimya və biologiya laboratoriyaları, kitabxana, yeməkxana və akt zalı yaradılıb. Dördmərtəbəli binanın ümumi sahəsi 5454 kvadratmetrdir.

Prezident İlham Əliyev məktəbin yeni binasının çağırışa qədər hərbi hazırlıq otağında, ekosinifdə, biologiya kabinetində, informatika və rəsm otaqlarında, yeməkxanada, əmək otağında və fizika kabinetində yaradılan şəraitlə tanış olub.