logo

Lerikdə ağır avtoqəza:8 nəfər ölüb, 8-i ağır xəsarət alıb

09:19 05-09-2022 | icon 14147
Lerikdə ağır avtoqəza:8 nəfər ölüb, 8-i ağır xəsarət alıb

Lerik rayonunun Günəşli kəndində baş verən qəza ilə bağlı xəsarət alanların müalicəsi TƏBİB-in tabeliyindəki Lənkəran rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.

TƏBİB-dən YeniAvropa-ya bildirilib ki, Lerik rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən 3 nəfər də Lənkəran rayon Mərkəzi Xəstəxanasına təxliyə edilib. Beləliklə, xəstəxanada müalicə alanların sayı 8-ə (7-si qadın, 1-i kişi) çatıb.

Hazırda 8 nəfərin müalicəsi xəstəxananın Reanimasiya şöbəsində aparılır. Onlardan 7 nəfərin vəziyyəti ağır, 1 nəfərin(kişi) vəziyyəti isə orta ağır qiymətləndirilir.

Xəstəxanaya yerləşdirilən şəxslərin diaqnozları əsasən üz, baş və bədən nahiyələrində olan yaralar, sümük sınıqları, travmatik şok, qapalı kəllə-beyin travması, döş qəfəsinin travması, beyin sirkələnməsi, çox saylı qabırğa sınıqları ilə bağlı olub.

Xatırladaq ki, Lənkəran-Lerik yolunun 45-ci kilometrliyində, Lerik rayonunun Günəşli kəndində ağır yol qəzası baş verib. İlkin ehtimala görə, idarəetmənin itirilməsi səbəbindən içərisində Lənkəran sakinləri olan mikroavtobus yolun kənarındakı beton maneələrə çırpılıb. Nəticədə 8 nəfər ölüb, 8 nəfər isə ağır xəsarət alıb.

Lerik, Lənkəran və Masallı rayon Mərkəzi Xəstəxanalarının təcili tibbi yardım briqadaları hadisə yerinə cəlb olunub. Qəza nəticəsində xəsarət alanlardan 3 nəfər Lerik rayon Mərkəzi Xəstəxanasına, 5 nəfər isə  Lənkəran rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.