logo

XİN:Baş verənlərə görə  Ermənistan rəhbərliyi məsuliyyət daşıyır

13:13 03-08-2022 | icon 476
XİN:Baş verənlərə görə  Ermənistan rəhbərliyi məsuliyyət daşıyır

Müdafiə Nazirliyi tərəfindən məlumat verildiyi kimi, avqustun 3-də Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Laçın rayonu istiqamətində Ordumuzun bölmələrinin mövqeləri intensiv atəşə tutulub. Nəticədə hərbi qulluqçu əsgər Kazımov Anar Rüstəm oğlu şəhid olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən YeniAvropa-ya bildirilib ki, Azərbaycan tərəfi Ermənistanın 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini və qanunsuz erməni silahlı dəstələrinin hələ də Azərbaycan ərazisindən çıxarılmadığını dəfələrlə bəyan edib. Avqustun 3-də baş vermiş qanlı insident bir daha Ermənistanın üçtərəfli razılaşmanı kobud şəkildə pozduğunu, eyni zamanda, iki dövlət arasında münasibətlərin normallaşdırılması istiqamətində səylərə xələl gətirdiyini nümayiş etdirir. Bu, həmçinin Ermənistanın beynəlxalq vasitəçilərin səylərinə hörmətsizliyinin göstəricisidir.

Azərbaycan ərazisində baş verən insidentin bütün məsuliyyəti qonşu dövlətin torpaqlarında qanunsuz silahlı birləşmələrini hələ də çıxarmayan Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərinə düşür.

Azərbaycan ərazilərinin təhlükəsizliyi, sərhədlərinin bütövlüyünün təmin edilməsi üçün tərəfimizdən bütün müvafiq tədbirlər bundan sonra da davam etdiriləcək.

Allah şəhidimizə rəhmət eləsin!