logo

BƏƏ-nin ölkəmizdəki səfirliyi qadın hüquqlarının genişləndirilməsi mövzusunda onlayn görüş keçirib

15:30 30-08-2022 | icon 1274
BƏƏ-nin ölkəmizdəki səfirliyi qadın hüquqlarının genişləndirilməsi mövzusunda onlayn görüş keçirib

Avqustun 30-da Birləşmiş Ərəb Əmirliklərinin(BƏƏ) ölkəmizdəki səfirliyinin, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili(Ombudsman) Aparatının, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə əməkdaşlığı çərçivəsində qadın hüquqlarının genişləndirilməsi mövzusunda onlayn görüş keçirilib.

Səfirlikdən YeniAvropa-ya bildirilib ki, Birləşmiş Ərəb Əmirliklərinin ölkəmizdəki səfiri Məhəmməd Əl Bluşi qonaqları salamlayaraq BƏƏ Qadınlar Gününün 1975-ci il avqustun 28-də - Millətin Anası Şeyxə Fatimə bint Mübarək tərəfindən Ümumi Qadınlar Birliyinin yarandığı gündən hər il qeyd edildiyini bildirib.

“BƏƏ Konstitusiyası bütün vətəndaşlarına bərabər hüquqları təmin edir və ölkədə qadınlar və kişilər eyni hüquqi statusa sahibdirlər. Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı tərəfindən hazırlanmış 2019-cu il İnsan İnkişafı Hesabatına əsasən, BƏƏ qadınların hüquqlarının genişləndirilməsi üzrə 189 ölkə arasında 35-ci yerdə qərarlaşıb. Ölkədə dövlət sektorunda gender balansını artırmaq üçün 2015-ci ildə federal qurum olan BƏƏ Gender Balansı Şurası yaradılıb”, - deyə səfir qeyd edib.

Səfir Məhəmməd Əl Bluşi vurğulayıb ki, BƏƏ nazirlər kabinetində səkkiz qadın nazir fəaliyyət göstərir və ölkənin diplomatik korpusunun 20 faizini qadınlar təşkil edir. Ölkə Prezidentinin fərmanına əsasən Federal Milli Şuranın seçilmiş üzvlərinin 50 faizi qadın olmalıdır.

Məhəmməd Əl Bluşi Birləşmiş Ərəb Əmirliyinin müxtəlif sənaye sahələrində qadınların iştirakı və rolu, eləcə də BƏƏ-in xarici yardım strategiyasında qadınların hüquqlarının genişləndirilməsi və qorunması barədə də ətraflı məlumat verib.

Görüş Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının İnformasiya əldə etmək hüququnun müdafiəsi şöbəsinin müdiri Lamiyə Zeynalova, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq siyasəti və demoqrafik inkişaf şöbəsinin müdir müavini Rəna Abdullayeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Beynəlxalq əlaqələr və protokol xidməti şöbəsinin müdir müavini Kəmalə Haqverdiyevanın çıxışları ilə davam edib.