logo

I Qarabağ müharibəsində 3 min 890 vətəndaşımız itkin düşüb

10:50 30-08-2022 | icon 1526
I Qarabağ müharibəsində 3 min 890 vətəndaşımız itkin düşüb

1988-ci ildən başlayaraq Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində respublikamız da genişmiqyaslı humanitar fəlakətlə üzləşib. Xüsusən də intensiv hərbi əməliyyatların başladığı 1991-ci ilin sonundan etibarən mülki əhali öz ata-baba yurdlarından qovulmuş, girov götürülmüş, əzab-əziyyətlərə məruz qalmış və itkin düşüb.

YeniAvropa xəbər verir ki, bu fikirləri Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov deyib.

"Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində I Qarabağ müharibəsində 3890 nəfər Azərbaycan vətəndaşı itkin düşmüş şəxs kimi Dövlət Komissiyasında qeydiyyata alınıb. Onlardan 3 min 171 nəfəri hərbçi, 719 nəfəri mülki şəxsdir. Mülki şəxslər içərisindən 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 267 nəfəri qadın, 326 nəfəri yaşlı insanlar olub.

I Qarabağ müharibəsində itkin düşmüş şəxslərin ümumi sayından 872 nəfər, o cümlədən 29 uşaq, 98 qadın və 112 qoca əsir-girov götürülmüş və ya işğal edilmiş ərazilərdə qalıblar. Sonradan azad olunmuş əsir və girovlar həmin şəxsləri sağ gördüklərini təsdiq edib.

Ermənistan münaqişənin bütün dövrü ərzində bu şəxslər barədə məlumatları beynəlxalq təşkilatlardan gizlədib, onların sonrakı taleyi barədə məlumat verməkdən yayınıb. Yalnız 10 noyabr 2020-ci il tarixdə imzalanmış üçtərəfli Bəyanatdan sonra qarşı tərəf Birinci Qarabağ müharibəsində itkin düşənlərdən 138 şəxsə aid olduğu ehtimal edilən qarışıq meyit qalıqlarını təhvil verib".

Vətən müharibəsi başa çatdıqdan sonra Azərbaycan Respublikasının aidiyyəti qurumları tərəfindən təqdim edilmiş siyahıya əsasən, 300-ə yaxın Azərbaycan hərbçisinin itkin düşmüş hesab edildiyini söyləyən Dövlət Komissiyasının katibi deyib: “Üçtərəfli Bəyanata uyğun olaraq Rusiya sülhməramlı kontingentinin və BQXK-nın yaxından iştirakı ilə həyata keçirilmiş təxirəsalınmaz axtarış tədbirləri nəticəsində itkin düşmüş hərbi qulluqçularımızın əksəriyyətinin nəşi işğaldan azad edilmiş ərazilərimizdən götürülmüş və eyniləşdirilərək ailələrinə təhvil verilib. Təəssüf ki, Vətən müharibəsində iştirak etmiş 6 hərbçimizin axtarışı ilə bağlı zəruri tədbirlərin keçirilməsinə baxmayaraq, onların sonrakı taleyinin müəyyən edilməsi mümkün olmamış və onlar Vətən müharibəsində itkin düşmüş şəxs kimi Dövlət Komissiyasında qeydiyyata alınıb. Onların taleyinin bu vaxtadək məlum olmaması hər birimizin qəlbini ağrıdır.

BQXK-nın məlumatına əsasən, Birinci Qarabağ müharibəsi zamanı 776 nəfər, İkinci Qarabağ müharibəsi zamanı isə 345 erməni əsilli şəxs itkin düşmüş hesab edilir. O da qeyd edilməlidir ki, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan sonra həyata keçirilmiş birgə tədbirlər nəticəsində 1713 Ermənistan hərbçisinin meyiti tapılaraq ərazidən götürülmüş və qarşı tərəfə təhvil verilib.

Birinci Qarabağ müharibəsi dövründə 1480 nəfər azərbaycanlı əsir-girovluqdan azad edilmiş, qarşı tərəfə isə 509 nəfər təhvil verilib. Eyni zamanda, qoşunların qarşıdurma xəttində həlak olmuş və əsir-girovluqda ölmüş hər iki tərəfə aid onlarla insanın meyiti BQXK-nın vasitəçiliyi ilə tərəflərə təhvil verilib. Ümumiyyətlə, BQXK-nın iştirakı ilə 650-dən çox humanitar proses həyata keçirilib.

Vətən müharibəsindən sonra imzalanmış üçtərəfli Bəyanatdan sonra qarşı tərəf Azərbaycan Respublikasına 25 nəfər (19 hərbçi, 6 mülki) Azərbaycan vətəndaşını təhvil verib. Onlardan 5 nəfəri (1 hərbçi, 4 mülki) 27 sentyabr 2020-ci il tarixdən əvvəl saxlanılmış şəxslərdir”,- deyə İsmayıl Axundov vurğulayıb..

O bildirib ki, Azərbaycan Respublikası isə 159 nəfər (118 hərbçi, 41 mülki, o cümlədən 5 qadın) erməni əsilli şəxsi azad edib. Onlardan 6 nəfəri (4 hərbçi, 2 mülki) 27 sentyabr 2020-ci il tarixdən əvvəl saxlanılmış şəxslərdir.

Azərbaycan Respublikası beynəlxalq humanitar hüquq normalarından irəli gələn öhdəliklərinə sadiq qalaraq əsir düşmüş Ermənistan hərbçilərini və döyüş bölgəsindən təxliyə edilmiş mülki şəxsləri internə etmiş, saxlanma şəraitini, onlarla ləyaqətli davranışı, qida, su təminatını və yaralıların müalicə hüquqlarını təmin edib.

Dövlət Komissiyası əsir düşmüş Ermənistan hərbçiləri və saxlanılan şəxslər barədə məlumatları müntəzəm qaydada BQXK-ya təqdim edib, qurum əməkdaşlarının onlara baş çəkmələrinə hərtərəfli şərait yaradıb. Həmçinin əsirlərin və saxlanılan şəxslərin öz yaxınlarına məktub yazması, videoismarışlar göndərməsi, o cümlədən telefon əlaqəsi saxlamaları təmin edilib. Həm Birinci, həm də İkinci Qarabağ müharibəsi zamanı Dövlət Komissiyasının əməkdaşlıq etdiyi əsas təşkilat BQXK olub. Bu sahədə ən önəmli vəzifələrdən biri kimi Birinci Qarabağ müharibəsinə itkin düşmüş şəxslərin siyahısının dəqiqləşdirilməsi işi olub.

“2008-ci ilin aprel ayında BQXK-nın Azərbaycandakı Nümayəndəliyi ilə Dövlət Komissiyası arasında imzalanmış “İtkin düşmüş şəxslər haqqında Ante Mortem məlumatların toplanması və mərkəzləşdirilmiş şəkildə idarə olunması üzrə” çərçivə sazişinə əsasən, 2014-cü ildən etibarən itkin ailələrindən bioloji (DNT) nümunələrin toplanması işinə başlanıb. Ötən müddət ərzində 3 min 315 itkinin ailə üzvlərindən 10 min 309 bioloji nümunə toplanıb. 2021-ci ilin noyabr ayından etibarən toplanmış bioloji nümunələrdən DNT profillərinin çıxarılması işinə başlanıb. Bu məqsədlə hazırkı vaxta qədər 1024 bioloji nümunənin hər biri üzrə profillər çıxarılıb.

Hazırkı şəraitdə itkinlərin taleyinin müəyyən edilməsinə mane olan əsas faktlar isə qarşı tərəfin dəfn yerləri barədə məlumatları təqdim etməməsi və işğaldan azad edilmiş ərazilərə çoxsaylı minaların olmasıdır. Məlumata görə, işğaldan azad edilmiş ərazilərdə Ermənistan hərbçiləri tərəfindən bir milyondan çox mina basdırılıb", - deyə İsmayıl Axundov vurğulayıb.