logo

Türkiyədəki dipkorpusun nümayəndələrinin Qarabağa səfəri başlayıb

16:16 26-08-2022 | icon 1701
Türkiyədəki dipkorpusun nümayəndələrinin Qarabağa səfəri başlayıb

Türkiyədə fəaliyyət göstərən və ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin, o cümlədən xarici ölkələrin səfirlərinin, hərbi attaşelərin və beynəlxalq təşkilatların təmsilçilərinin avqustun 26-da Qarabağa, o cümlədən Füzuli və Şuşaya səfəri başlayıb.

YeniAvropa xəbər verir ki, xarici diplomatlar əvvəlcə Türkiyənin Ankara şəhərindən təyyarə ilə Qarabağın hava qapısına - Füzuli Beynəlxalq Hava Limanına gəliblər. Onlara beynəlxalq hava limanı haqqında məlumat verilib. Bildirilib ki, Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanı ən müasir səviyyədə inşa olunub və ona hava limanının istənilən tip hava gəmisini qəbul etmək imkanları var. Uçuş-enmə zolağının uzunluğu 3000, eni isə 60 metrdir. Hava limanının müasir infrastrukturla təchiz olunan terminalı saatda ən azı 200 sərnişinin buraxılışına imkan verir. Burada görülən bütün işlər beynəlxalq norma və standartlara uyğun şəkildə həyata keçirilib.

Diplomatlara, həmçinin Füzuli və Cəbrayıl rayonlarında həyata keçiriləcək infrastruktur layihələri barədə məlumat verilib.

Qeyd edək ki, xarici diplomatlar avqustun 27-də Şuşada işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işləri və planlar, postmünaqişə dövründə minatəmizləmə əməliyyatları və şəhərsalma potensialından istifadə edilməsi, ümumi beynəlxalq əməkdaşlıq imkanlarına dair konfransda iştirak edəcəklər.