Bəzi media səhifələrində etibardan sui- istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməkdə təqsirləndirilən Xətai rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsinin sabiq kiçik əməliyyat müvəkkili Həşimli Elvin Elçin oğluna Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə bəraət verilməsi ilə bağlı informasiyalar yayılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, bununla əlaqədar bildirilir ki, Elvin Həşimlinin tanışı Möhkəm Səmədova birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olub gəlir əldə etmək adı ilə sonuncunun 2 milyon 59 min manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirməsinə əsaslı şübhələr müəyyən olunduğundan Xətai Rayon Prokurorluğunda Elvin Həşimlinin Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Həmin məhkəmənin 2022-ci il 13 iyul tarixli hökmü ilə Elvin Həşimliyə bəraət verilib.
2022-ci il iyulun 21-də dövlət ittihamçısı tərəfindən qeyd edilən hökmdən məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, eləcə də cinayət qanunu normasının düzgün tətbiq edilməməsi əsasları ilə apellyasiya protesti verilib.