logo

Bakı Forumunda növbəti panel iclası keçirilib

15:15 18-06-2022 | icon 812
Bakı Forumunda növbəti panel iclası keçirilib

Azərbaycan prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu iyunun 18-də işini panel iclasları ilə davam etdirir.

 YeniAvropa xəbər verir ki, Forum çərçivəsində “Yoxsulluq, aclıq, ərzaq və kənd təsərrüfatı sektorunun dəyişməsi” mövzusunda növbəti panel iclası keçirilib.

Liberal İnternasionalın prezidenti Hakima El Haitenin moderatorluğu ilə keçirilən panel iclasında bir sıra, o cümlədən zəngin ölkələrin təcrübəsindən öyrənməli məsələlər, Ukrayna müharibəsi və ərzaq qiymətlərinə olan təsirlər nəzərə alınmaqla yerli, regional və beynəlxalq miqyasda anbar və bufer ehtiyatlarının rolu, dünyada meşə sahələrinin kəskin azalması ilə bağlı vəziyyət və s. mövzular müzakirə olunub.

Toplantıda çıxış edən ABŞ-ın Romadakı BMT qurumları yanındakı Daimi Nümayəndəsi Sindi Makkeyn 40 milyon insanın aclıq təhlükəsi ilə üzləşdiyini söyləyib. O, iqlim dəyişikliyi ilə mübarizənin aparılmasının zəruri olduğunu qeyd edib.

Daha sonra Azərbaycanda kənd təsərrüfatına dair süjet təqdim olunub və kənd təsərrüfatı naziri İnam Kərimov çıxış edib. O deyib ki, Azərbaycan artıq kənd təsərrüfatının inklüziv inkişaf yolunu seçib:

“Biz qlobal ekosistemin bir hissəsiyik. Bu da maraqlı tərəflərin bir araya gəlməsini tələb edir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) son hesabatında qeyd edildiyi kimi su resurslarının qıtlığı bir çox ölkələr kimi Azərbaycanın da təcili tədbirlər görməsini tələb edir. Onu da qeyd edim ki, son texnologiyalar sayəsində sudan səmərəli, qənaətlə istifadə etmək olar”.

Nazir bildirib ki, Azərbaycanda suvarma sahəsində itkilərə yol verilir:

“Hökumət müasir suvarma sisteminin yenilənməsi üçün vəsait ayırır. Hansına fermer suvarma sistemini yeniləmək istəyirsə, bunun üçün tələb olunan vəsaitin 40 faizini dövlət üzərinə götürür, 20 faiz fermer ilkin ödəniş edir, 40 faiz vəsait isə faizsiz kredit kimi sahibkara verilir. Su təsərrüfatının idarə edilməsi problemi hər bir ölkənin qarşısında durur”.

Liberal İnternasionalın prezidenti Hakima El Haite isə Rusiya- Ukrayna müharibəsinə görə Afrikada 50 milyona qədər insanın aclıq təhlükəsi ilə üzləşə biləcəyini nəzərə çatdırıb.

Mavritaniyanın sabiq Prezidenti (2015-2018-ci illər) Amina Qurib-Fakim çıxışı zamanı Afrikada istehsal edilən məhsulların 70 faizinin xırda istehsalçıların payına düşdüyünü vurğulayıb:

“Biz istehsalın necə artırılması barədə düşünməliyik. Ukraynada baş verən proseslər Afrikaya təsir göstərəcək”.

Panel iclası çıxışlarla davam etdirilib.

Qeyd edək ki, “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən Qlobal Bakı Forumunda 50-dən çox ölkənin, həmçinin nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər. Forumda qlobal dünya nizamını təhdid edən mühüm problemlər, o cümlədən dünyada təhlükəsizliyin və sülhün təmin olunması üçün perspektivlər, enerji təhlükəsizliyinə yaranan təhdidlərin həlli yolları, həssas bölgələrdə sülh, əməkdaşlıq və inteqrasiya, qloballaşan dünyada artan ədalətsizliklər, yoxsulluğun qarşısının alınması üçün qida və kənd təsərrüfatı sektorunun transformasiyası kimi mühüm mövzularda səmərəli müzakirələr aparılacaq.