logo

Sabah AŞ PA-nın yay sessiyası işə başlayacaq

18:48 17-06-2022 | icon 1792
Sabah AŞ PA-nın yay sessiyası işə başlayacaq

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı(AŞ PA) daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və nümayəndə heyətinin üzvləri AŞ PA-nın yay sessiyasında iştirak etmək üçün iyunun 18-dən 26-dək Strasburqda səfərdə olacaqlar.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya bildirilib ki, nümayəndə heyətinə deputatlardan Sevinc Fətəliyeva, Rafael Hüseynov, Nigar Arpadarai, Erkin Qədirli, Kamal Cəfərov, Könül Nurullayeva və Sabir Hacıyev daxildirlər.

Sessiya çərçivəsində iyunun 19-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov komitə sədrlərinin iclasına qatılacaq.

Qurumun yay sessiyasında Daimi Komitə və Büronun görülən işlərlə bağlı hesabatları dinləniləcək, “Serbiyada keçirilmiş prezident və erkən parlament seçkilərinin müşahidəsinin nəticələri”, “Müxtəlifliyin və inklüzivliyin təşviq edilməsində siyasi partiyaların rolu”, “Avropada antisemitizmin qarşısının alınması və onunla mübarizə”, “Təhlükəsizlik üçün yeni çağırışlarda Avropa Şurasının rolu”, “Onlayn kommunikasiyanın tənzimlənməsi: media, informasiya azadlığına və insan ləyaqətinə təhlükə” və digər mövzularda fikir mübadiləsi aparılacaq.

Deputatlarımız sessiya çərçivəsində keçiriləcək müzakirələrdə çıxış edəcək, qeyd və təkliflərini bildirəcəklər.