logo

Azərbaycan və İranın hüquq-mühafizə orqanları əməkdaşlığı genişləndirəcək

15:55 14-06-2022 | icon 1666
Azərbaycan və İranın hüquq-mühafizə orqanları əməkdaşlığı genişləndirəcək

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev iyunun 14-də İran İslam Respublikasının ölkəmizdəki səfiri Seyid Abbas Musəvi ilə görüşüb.

Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, görüşdə Kamran Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə prokurorluq orqanlarında həyata keçirilən islahatlar, müasir normativ-hüquqi bazanın yaradılması, beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.

Söhbət zamanı, həmçinin qədim tarixi, mədəni, dini münasibətlərə malik Azərbaycan-İran əlaqələrinin bu gün də müsbət dinamika ilə inkişaf etdiyi qeyd olunub.

Qonaqpərvərliyə görə təşəkkürünü bildirən səfir Seyid Abbas Musəvi ikitərəfli münasibətlərə toxunaraq Azərbaycanla əlaqələrin əhəmiyyətini və iki ölkə arasında münasibətlərin bütün sahələr üzrə dinamik inkişaf etdiyini bildirib.

Səfir ölkələrimizin hüquq-mühafizə orqanları arasında mövcud olan ikitərəfli əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.

Görüşdə tərəflər arasında cinayətkarlığın müxtəlif təzahürlərinə, o cümlədən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə, cinayət işləri üzrə hüquqi yardım, ekstradisiya və məhkumların verilməsi məsələlərində işin səmərəliyinin artırılması, habelə mövcud münasibətlərin daha da inkişaf etdirilməsi məqsədilə ikitərəfli səfərlərin təşkil edilməsi ətrafında səmərəli müzakirələr keçirilib. Cinayətkarlıqla mübarizə sahəsində Azərbaycanın və İranın hüquq-mühafizə orqanlarının səylərinin məqsədyönlü şəkildə əlaqələndirilməsinin perspektivləri barədə fikir mübadiləsi aparılıb.