logo

Baş Prokurorluq 5 rayonda ağacların kəsilməsi ilə bağlı cinayət işi başlayıb

12:12 13-06-2022 | icon 1463
Baş Prokurorluq 5 rayonda ağacların kəsilməsi ilə bağlı cinayət işi başlayıb

Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsində vətəndaş müraciətləri, kütləvi informasiya vasitələri və səlahiyyətli dövlət qurumlarının məlumatları əsasında, Zaqatala, İsmayıllı, Goranboy, Lerik və Bakı şəhərinin Xətai rayonlarının ərazilərində ağacların qanunsuz kəsilməsi faktları ilə bağlı araşdırma aparılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, aparılmış araşdırmalarla Xətai rayonunda dövlət mülkiyyətində olan ərazidə, Zaqatala rayonunun Fındıqlı, İsmayıllının Quşencə, Goranboyun Yolqullar bələdiyyələrinin ərazilərində meşə fonduna daxil olmayan, həmçinin Lerikin Razvondabad meşəbəyiliyinin ərazisində meşə fonduna daxil olan ağacların müvafiq icazə olmadan qanunsuz kəsilməsi nəticəsində təbiətə ümumilikdə 24 min manat məbləğində maddi ziyanın dəyməsi müəyyən olunub.

Araşdırmalarla bəzi aidiyyəti vəzifəli şəxslərin yaşıllıqların mühafizəsi sahəsində üzərlərinə düşən vəzifələrin icrasına səhlənkar yanaşmasına, vəzifədən sui-istifadə və vəzifə səlahiyyətlərini aşmasına əsaslı şübhələr müəyyənləşdirildiyindən fakta görə Cinayət Məcəlləsinin 259.1-ci, 259.2.4-cü (qanunsuz ağac kəsmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 309.1-ci (vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) və 314.1-ci (səhlənkarlıq) maddələri ilə cinayət işləri başlanıb. Bu cinayət işləri istintaqın aparılması üçün aidiyyəti rayon prokurorluqlarına göndərilib.