logo

İran və Venesuela 20 illik əməkdaşlıq müqaviləsi imzalayıb

14:14 11-06-2022 | icon 7546
İran və Venesuela 20 illik əməkdaşlıq müqaviləsi imzalayıb

İran ilə Venesuela arasında 20 il müddətində əməkdaşlıq haqqında sənəd imzalanıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu gün Tehranda rəsmi səfərdə olan Venesuela prezidenti Nikolas Maduro İran prezidenti İbrahim Rəisi ilə təkbətək görüşdən sonra birgə mətbuat konfransı keçiriblər.

Nikolas Maduro bildirib ki, Venesuela ilə İran dünyada imperializmə qarşı mübarizənin ön cərgəsində dayanıblar. Artıq müstəmləkəçilik dövrü başa çatıb və xalqlar öz istədikləri kimi yaşamağı üstün tuturlar. Bu sahədə İranla əlaqələrin inkişaf etdirilməsi hər iki ölkənin maraqlarını əks etdirir. Onun sözlərinə görə, neft-qaz, neft-kimya, ticarət və iqtisadiyyatın digər sahələrində yaxın əməkdaşlıq əlaqələri davam etdiriləcək. İyunun 18-dən başlayaraq Karakas ilə Tehran arasında təyyarə reysi açılacaq ki, bu da hər iki ölkənin turizm sənayesinin inkişafına zəmin yaradacaq.

İran prezidenti isə nəzərə çatdırıb ki, Venesuela ilə münasibətlərin inkişaf etdirilməsi rəsmi Tehran üçün strateji xarakter daşıyır. Hər iki dövlət inqilabi tarixə malikdir. Hər iki xalq sanksiyalara məruz qalıb. Lakin İran xalqı sanksiyaların yaratdığı məhdudiyyəti imkana çevirdi. Bu sahədə Venesuela ilə təcrübə mübadiləsi aparılacaq. Onun sözlərinə görə, ölkələr arasında müdafiə sahəsində də əməkdaşlıq nəzərdə tutulub.

Qeyd edək ki, prezident İbrahim Rəisinin dəvəti ilə Venesuela prezidenti İrana 2 günlük rəsmi səfərə gəlib.