logo

QHT-dövlət münasibətlərinə həsr olunan növbəti konfrans Şirvanda keçirilib

16:06 10-06-2022 | icon 903
QHT-dövlət münasibətlərinə həsr olunan növbəti konfrans Şirvanda keçirilib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “QHT-dövlət əməkdaşlığında yeni çağırışlar: ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi” adlı respublika zona konfranslarının təşkilini davam etdirir.

Agentlikdən YeniAvropa-ya verilən məlumata görə, növbəti konfrans Şirvan şəhərində keçirilib.

Konfransda Azərbaycan Respublikası Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Prezident Administrasiyasının məsul əməkdaşı Əli Pənahov, Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Agentliyinin Müşahidə Şurasının üzvü Zaur İbrahimov, Agentliyin məsul əməkdaşları, Şirvan, Hacıqabul, Sabirabad, Saatlı, Neftçala və Salyan rayonlarının icra hakimiyyəti başçılarının müavinləri, Vətən müharibəsi veteranları və şəhid ailələri ilə işin təşkili şöbələrinin müdirləri, həmin icra hakimiyyətləri yanında fəaliyyət göstərən ictimai şuraların üzvləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri iştirak ediblər.

Şirvan şəhərində təşkil edilən konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva konfransı açıq elan edərək tədbirin proqramı haqqında məlumat verib. Bildirib ki, bu konfranslar QHT-lərin və ictimai şuraların fəaliyyətində yeni inkişaf mərhələsinə keçidi təmin edəcək, ictimai iştirakçılığın təşviq edilməsinə şərait yaradacaq. Bütün konfranslarda səsləndirilən təkliflər Agentlik tərəfindən sistemləşdiriləcək və bu istiqamətdə maarifləndirici tədbirlər davamlı olacaq.

Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev dövlət və cəmiyyət həyatında qeyri-hökumət təşkilatlarının rolunun artırılmasının önəmindən danışaraq, qeyd edib ki, may ayından etibarən bütün iqtisadi zonalarda baş tutan konfranslar uğurla yekunlaşır. Bütün zona konfranslarının yekunu olaraq QHT-lər və ictimai şuralar öz fəaliyyətlərində dönüş yaratmalı, cəmiyyətin və dövlətin həyatında fəal iştirak etməli, qarşıya çıxan çatışmazlıqların aradan qaldırılmasında dövlət orqanlarının fəaliyyətinə dəstək göstərməlidir. Konfransların yekun nəticəsi olaraq Agentlik bu istiqamətdə yeni fəaliyyət planı hazırlamalıdır və ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi üçün maarifləndirici tədbirlər davamlı olmalıdır.

Çıxış edən digər natiqlər Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Prezident Administrasiyasının məsul əməkdaşı Əli Pənahov, Agentliyinin Müşahidə Şurasının üzvü Zaur İbrahimov bildiriblər ki, zona toplantısı QHT nümayəndələri, ictimai şuraların üzvləri, habelə dövlət qurumları üçün faydalı olacaq və bu sahənin daha da təkmilləşməsinə böyük töhfə verəcək. Qeyd edilib ki, ictimai nəzarətin həyata keçirilməsi məqsədilə ardıcıl tədbirlər təşkil edilməli, bu xüsusda sosial medianın imkanlarından istifadə edilməlidir.

Çıxışlardan sonra konfrans interaktiv müzakirələr əsasında davam edib, iştirakçıların təklifləri dinlənilib, sualları cavablandırılıb.