logo

Həkəri çayına iki min qızılxallı forel körpəsi buraxılıb

13:53 10-06-2022 | icon 1736
Həkəri çayına iki min qızılxallı forel körpəsi buraxılıb

Qarabağ və Şərqi Zəngəzur ərazisində biomüxtəlifliyin qorunmasına və su hövzələrində bioresursların bərpasına töhfə vermək məqsədilə Zəngilan rayonunun Ağalı kəndinin yaxınlığından keçən Həkəri çayına balıq körpələrinin buraxılışı həyata keçirilib.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva YeniAvropa-ya bildirilib ki, Zəngilan rayonunda prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyevin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmilərinin iştirakı ilə çaya balıqartırma zavodlarında yetişdirilən 2 min qızılxallı forel körpəsi buraxılıb.

Xidmət rəsmisi balıqların kürütökmə dövrü ilə əlaqədar hər il ölkədə may ayının 1-dən etibarən balıq ovuna dördaylıq moratorium tətbiq edildiyini diqqətə çatdırıb və balıq ehtiyatlarının artırılması üçün bütün qayda və tələblərə riayət olunmasını tövsiyə edib: “Gəlin, balıq ehtiyatlarının qorunmasına, məsuliyyətli balıq ovlanmasının təşviqinə dəstək olaq, balıq ehtiyatlarının artımının qarşısını alan bütün hərəkətlərdən imtina edək”.