logo

Bu gün Bakıda "Formula "1 Azərbaycan Qran-Prisi start götürür

09:09 10-06-2022 | icon 2562
Bu gün Bakıda "Formula "1 Azərbaycan Qran-Prisi start götürür

Bu gün Bakı yenidən dünya avtoidman həvəskarlarının diqqət mərkəzinə çevrilib.

YeniAvropa xəbər verir ki, Bakı iyunun 10-dan 12-dək sayca altıncı dəfə "Formula 1" Azərbaycan Qran-Prisinə ev sahibliyi edəcək.

Formula 1 üzrə dünya çempionatının cari mövsümü 22 mərhələdən ibarətdir ki, onun da səkkizinci Qran-Prisi Bakıda təşkil olunacaq. Altı kilometr uzunluğu olan və saat əqrəbi istiqamətinin əksinə hərəkət edən trek məşhur almaniyalı memar Hermann Tilke tərəfindən hazırlanıb. Azadlıq meydanından başlayan trek Hökumət Evinin ətrafı ilə fırlanaraq Qız qalasına çatmaq üçün İçərişəhər ətrafında 2,2 kilometr dairə edir və Neftçilər prospektinə çıxaraq başlanğıc yerində başa çatır. Trekin ən geniş yeri 13 metrdir, ən dar hissəsi trekin İçərişəhər ətrafında olan bölmələrində, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir.

Xatırladaq ki, ölkəmiz 2016-cı ildən "Formula 1" yarışlarına ev sahibliyi edir. Bakı şəhər halqasında təşkil olunan ilk yarış Avropa Qran-Prisi adlandırılıb. Həmin yarışda “Mercedes”in pilotu Niko Rosberq birinci olub. “Ferrari”dən Sebastian Fettel yarışı ikinci, “Force İndin”nın pilotu Serxio Peres üçüncü olublar. Növbəti ildən Azərbaycan Qran-Prisi adını alan yarışda “Red Bull Racing”in sürücüsü Daniel Rikkardo kuboku qazanıb. İlk üçlükdə “Mercedes”in pilotu Valtteri Bottas və “Williams”dan Lens Stroll yer alıblar. 2018-ci ildə Lusi Hamilton (“Mercedes”) Formula 1-in Bakı mərhələsində bütün rəqiblərini qabaqlayaraq podiumun ən yüksək pilləsinə qalxıb. “Ferrari”dən Kimi Raykkonen ikinci, Serxio Peres (“Force India”) isə üçüncü yeri tutublar. 2019-cu ildə “Mercedes”in pilotları Valtteri Bottas və Luis Hamilton ilk iki pillədə qərarlaşıblar. İlk üçlüyü “Ferrari”nin sürücüsü Sebastian Fettel tamamlayıb. 2020-ci ildə Formula 1 Azərbaycan Qran-Prisi koronavirus pandemiyası səbəbindən ləğv olunub. Bir il sonra azarkeşsiz təşkil olunan yarışda “Red Bull Racing”in pilotu Serxio Peres Azərbaycan Qran-Prisinin qalibi olub. “Aston Martin”dən Sebastian Fettel yarışı ikinci, Pyer Qasli (“Alpha Tauri”) isə üçüncü pillədə tamamlayıblar.