logo

QHT-dövlət münasibətlərinə həsr olunan növbəti konfrans Lənkəranda keçirilib

15:55 09-06-2022 | icon 2198
QHT-dövlət münasibətlərinə həsr olunan növbəti konfrans Lənkəranda keçirilib

Dövlət və cəmiyyət həyatında qeyri-hökumət təşkilatlarının rolu danılmazdır. Bu baxımdan vətəndaş cəmiyyətinin inkişafı üçün QHT-lər və ictimai şuralar birgə fəaliyyət göstərməlidirlər.

YeniAvropa xəbər verir ki, bu barədə Lənkəran şəhərində keçirilən “QHT-dövlət əməkdaşlığında yeni çağırışlar: ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi” adlı respublika zona konfransında ətraflı danışılıb.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkil etdiyi növbəti zona konfransında Azərbaycan Respublikası Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Prezident Administrasiyasının məsul əməkdaşı Əli Pənahov, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü İlqar Orucov, Agentliyin məsul əməkdaşları, Astara, Lerik, Masallı, Yardımlı, Biləsuvar, Cəbrayıl və Cəlilabad rayonlarının icra hakimiyyəti başçılarının müavinləri, Vətən müharibəsi veteranları və şəhid ailələri ilə işin təşkili şöbələrinin müdirləri, həmin icra hakimiyyətləri yanında fəaliyyət göstərən ictimai şuraların üzvləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri iştirak ediblər.

Zona konfransı Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva konfransı açıq elan edərək tədbirin proqramı haqqında məlumat verib. A.Əliyeva bildirib ki, artıq səkkizinci iqtisadi rayonda keçirilən zona konfransları uğurla davam edir. Yekun zona konfransının Bakı şəhərində keçirilməsi nəzərdə tutulub. Bu konfranslar QHT-lərin və ictimai şuraların fəaliyyətinin təkmilləşməsi, ictimai iştirakçılığın təmin edilməsi, geniş kütlələrin dövlətin və cəmiyyətin həyatında iştirakı baxımından önəmlidir.

Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev dövlət və cəmiyyət həyatında qeyri-hökumət təşkilatlarının rolunun artırılmasının önəmindən danışaraq bildirib ki, konfranslar yekunlaşdıqdan sonra da QHT-lər və ictimai şuraların birgə fəaliyyəti üçün maarifləndirmə tədbirləri davam etdiriləcək. Çünki vətəndaş cəmiyyətinin inkişafı üçün QHT-lər və ictimai şuralar birgə fəaliyyət göstərməli və bu sahənin inkişafı üçün çalışmalıdırlar.

Çıxış edən digər natiqlər Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Prezident Administrasiyasının məsul əməkdaşı Əli Pənahov, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü İlqar Orucov bildiriblər ki, zona toplantısı QHT nümayəndələri, ictimai şuraların üzvləri, habelə dövlət qurumları üçün faydalı olacaq və bu sahənin daha da təkmilləşməsinə böyük töhfə verəcək. Qeyd edilib ki, ictimai nəzarətin həyata keçirilməsi məqsədilə ardıcıl tədbirlər təşkil edilməli, bu xüsusda sosial medianın imkanlarından istifadə olunmalıdır.

Çıxışlardan sonra konfrans interaktiv müzakirələr əsasında davam edib, iştirakçıların təklifləri dinlənilib, sualları cavablandırılıb.