logo

İlham Əliyev “Çəmbərəkənd” parkında yaradılan şəraitlə tanış olub

14:13 08-06-2022 | icon 7301
İlham Əliyev “Çəmbərəkənd” parkında yaradılan şəraitlə tanış olub

Prezident İlham Əliyev paytaxtın Səbail rayonunda yeni salınmış “Çəmbərəkənd” parkında yaradılan şəraitlə tanış olub.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dövlət başçısına parkda görülən işlər barədə məlumat verib.

Bildirilib ki, paytaxtın Həsən Seyidbəyli küçəsində istifadəsiz ərazidə salınmış yeni parkda yaşıllaşdırma işləri aparılıb, 1200 metr uzunluğunda piyada yolları salınıb, sakinlərin mənalı istirahəti və asudə vaxtlarını səmərəli keçirmələri üçün hər cür şərait yaradılıb. Parkda estakada üzərində piyadalar üçün 147 metr uzunluğunda körpü salınıb, şəhər mənzərəli iki terras düzəldilib, müasir standartlara cavab verən fəvvarə inşa edilib, ərazidə iaşə obyekti, sanitar qovşaq və inzibati bina tikilib. Ərazinin relyefinə uyğun olaraq sürüşmənin qarşısını almaq üçün istinad divarı çəkilib. Həmçinin ərazidə müasir idman və uşaq əyləncə qurğuları quraşdırılıb. Ərazisi 4 hektar olan parkın yaşıllıq sahəsinə qazon örtük döşənib, 50 mindən çox müxtəlif növ ağac, kol və güllər əkilib.

Prezident İlham Əliyev yeni parkdan paytaxtın mənzərəsini seyr edib.