logo

8-ci “Muğam” Televiziya Müsabiqəsi başlayıb

15:55 12-05-2022 | icon 2282
8-ci “Muğam” Televiziya Müsabiqəsi başlayıb

Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Televiziyası, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin dəstəyi ilə VIII “Muğam” Televiziya Müsabiqəsinə start verilib.

YeniAvropa xəbər verir ki, müsabiqənin ilk açılış günündə böyük muğam şənliyinə tanınmış mədəniyyət və elm xadimlər, yaradıcı ziyalılar və gənclər qatılıblar.

Bu il 300-dən çox namizəd arasından 18 finalçı seçilib. Yarış həftədə iki dəfə - çərşənbə axşamı və cümə axşamları günləri "AzTV" ilə canlı yayımlanacaq. Müsabiqənin sonrakı mərhələlərini ölkənin regionlarında da keçirmək planlaşdırılır.

44 günlük Vətən müharibəsində şəhid olmuş Xudayar Yusifzadənin ifasında “Xudayar təsnifi” kimi tanınan xalq artisti Əlibaba Məmmədovun bəstəsi olan “Vətən yaxşıdır” mahnısının videoçarxı nümayiş etdirilib.

Tamaşaçılar gecənin xüsusi qonaqlarını - 44 günlük Vətən müharibəsinin qəhrəmanlarını salamlayıblar.

Əvvəlcə xalq artisti Mənsum İbrahimov və əməkdar artist Babək Niftəliyevin ifasında qısa konsert proqramı təqdim edilib.

Muğam yarışmasının ilk günü 9 finalçı öz məharətini göstərib. Münsiflər heyəti hər bir çıxışı diqqətlə təhlil etdikdən sonra onları 10 ballıq sistem üzrə qiymətləndiriblər. Müsabiqənin respublikanın regionları da daxil olmaqla 15 həftə ərzində keçirilməsi planlaşdırılır.

UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmiş milli sərvətimiz olan muğam Azərbaycan xalq musiqisinin əsasını təşkil edir. Muğam hər bir azərbaycanlının həyatına, demək olar ki, beşikdən daxil olur, onu bütün həyat yolu ilə müşayiət edir. Bu, ruhları saflaşdıran, yüksəldən, əsrlər boyu müşayiət olunan, dərin qədim keçmişdən bu günə və gələcəyə körpü olan muğam fenomenidir. Xalqımızı muğamsız, muğamı Azərbaycansız təsəvvür etmək çətindir.

Qeyd edək ki, Heydər Əliyev Fondunun dəstəyi ilə ilk “Muğam” Televiziya Müsabiqəsinə 2005-ci ildə keçirilib. Müsabiqə dahi bəstəkar Üzeyir Hacıbəyovun 120 illiyinə həsr edilmişdi.