logo

Polietilen torbalardan imtina edək, sağlamlığımızı və təbiəti qoruyaq!

11:11 12-05-2022 | icon 840
Polietilen torbalardan imtina edək, sağlamlığımızı və təbiəti qoruyaq!

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyi  ilə , «Ekoloq-2010» Ekoloji Maarifləndirmə İctimai Birliyi(EMİB)  tərəfindən həyata keçirilən “Vətəndaşlarda plastik və polietilen qablaşdırmadan istifadənin azaldılması vərdişlərinin aşılanması”layihəsinin icrası davam edir.

YeniAvropa xəbər verir ki, EMİB-dən verilən məlumatda bildirilib ki, 4 ay müddətində icra olunan  layihənin əsas məqsədi vətəndaşlarda  plastik və polietilen qablaşdırmadan istifadənin azaldılması vərdişlərinin aşılanmasıdır.

Belə ki, araşdırmalarla təsdiq edilib ki, dünya ölkələri üzrə plastik və polietilen tullantıların yalnız 20 faizi təkrar emal olunur. Qalan  hissə kortəbii surətdə  ətraf mühütə atılır ki, bu da  sonradan fauna və floraya çox ciddi zərər vurur. Sübut olunub ki, insan orqanizminə zərərli maddələrin 80 faizi məhz plastik tullantılar vasitəsi ilə daxil olur. Odur ki, bərk məişət tullantılarının düzgün emalı  bu gün dünya dövlətlərini narahat edən ən mühüm məsələlərdəndir.Döğrudur, Azərbaycan  hökuməti tərəfindən də bu istiqamətdə müəyyən qərarlar qəbul edilib, bəzi tədbirlər həyata keçirilib.  Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 7 fevral tarixli Sərəncamı ilə  “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019–2020-ci illər üçün Tədbirlər Planı”  təsdiq edilib.  Ardınca isə  Azərbaycan Respublikasının Milli Məclisi  “Ətraf mühitin mühafizəsi haqqında” qanuna dəyişiklik edərək  2021-ci il yanvarın 1-dən etibarən qalınlığı 15 mikronadək olan polietilen torbaların, iyulun 1-dən isə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik çəngəl, qaşıq, bıçaq, qarışdırıcı çubuq, boşqab və stəkanların sahibkarlar tərəfindən istehsalı və idxalı, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya xidmət zamanı istifadəsini qadağan edib. Ötən müddət ərzində  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, eləsə də İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin dəfələrlə  xəbərdarlıq  etməsinə  baxmayaraq, bu sahədə hər hansı ciddi irəliləyişə nail olunmayıb. Bütün ticarət və ictimai iaşə obyektlərində  istehlakçılara polietilen torbalar və plastik qablar satılmaqdadır.  Baxmayaraq ki, qanunvericiliyin tələblərinə riayət olunmamasına görə ciddi məsuliyyət tədbirləri ( inzibati xətanın predmeti olan plastik materiallar müsadirə edilməklə, vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək, hüquqi şəxslər isə 3000 manatdan 4000 manatadək cərimə  olunurlar) nəzərdə tutulur.

3-0

 

Elə  «Ekoloq-2010» EMİB də sözügedən layihəni icra etməklə bu sahədəki boşluqları aradan qaldırmaq, vətəndaşları da çox maarifləndirməyi qarşısına məqsəd qoyub.

 Bu məqsədlə   EMİB tərəfindən hazırlanan  və  üzərində “Polietilen torbalardan imtina edək, sağlamlığımızı və təbiəti qoruyaq! ” şüarı yazılan  parça bazarlıq torbaları  paytaxtdakı ən iri supermarketlərdən olan “Grandmart”  mağazasında istehlakçılara pulsuz olaraq paylanılıb.

3-2  

Aksiyada  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları da iştirak ediblər.   

Paytaxtın ən gür məhəllələrindən olan və “Elmlər Akademiyası” metrostansiyasının yaxınlığında yerləşən “Atles Plaza” yaşayış kompleksindəki supermarketdə istehlakçılarla maarifləndirmə söhbətləri aparılaraq,  gələcəkdə alış-veriş zamanı polietilen torbalardan deyil, məhz ekoloji təmiz parça torbalardan  istifadə edilməsinin  vacibliyi vurğulanıb.

Keçirilən aksiyalar istehlakçılar tərəfindən rəğbətlə qarşılanıb.

Xatırladaq ki,  «Ekoloq-2010» EMİB sözügedən layihə çərçivəsində  ötən ay paytaxtın nəhəng supermarketlərindən olan  “NEPTUN” və “BOLMART” mağazalarında da analoji aksiyalar keçirib.