logo

Enerji sahəsində Azərbaycan-BƏƏ əməkdaşlığı müzakirə edilib

11:28 11-05-2022 | icon 2163
Enerji sahəsində Azərbaycan-BƏƏ əməkdaşlığı müzakirə edilib

Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər çərçivəsində energetika naziri Pərviz Şahbazov ilə bu ölkənin energetika və infrastruktur naziri Suhail Mohamed Al Mazrouei arasında görüş olub.

Energetika Nazirliyindən YeniAvropa-ya bildirilib ki, nazir Pərviz Şahbazov Ümumdünya Kommunal Xidmətlər Konqresinin yüksək səviyyədə təşkilinə və dəvətə görə təşəkkürünü bildirib. Bu tədbirin qlobal enerji gündəliyində olan məsələlərlə yanaşı, ölkələrimiz arasında ikitərəfli enerji əməkdaşlığının müzakirəsi baxımından əhəmiyyətli olduğu qeyd edilib.

Görüşdə Azərbaycanda bərpaolunan enerji sahəsində planlaşdırılan investisiya layihələri, elektrik enerjisinin istehsalı və ixracı, həmçinin təbii qaz, enerji səmərəliliyi üzrə əməkdaşlıq imkanları müzakirə olunub. “Qaradağ” Günəş Elektrik Stansiyasının inşası iki ölkə arasında yüksək münasibətlərin töhfəsi və “yaşıl enerji” əməkdaşlığının başlanğıcı kimi qiymətləndirilib. Bu əməkdaşlığın inkişafına BƏƏ-nin marağı və dəstəyi bir daha ifadə edilib.

Söhbət zamanı qlobal enerji bazarlarındakı cari vəziyyətə və “OPEC+” formatında əməkdaşlıqdan irəli gələn məsələlərə də toxunulub.