logo

Mayın 13-dən sonra hava şəraiti nisbətən sabitləşəcək

09:49 08-05-2022 | icon 1603
Mayın 13-dən sonra hava şəraiti nisbətən sabitləşəcək

Ötən gün ərzində Türkiyədən hərəkət edən siklon və onunla bağlı olan soyuq atmosfer cəbhələrinin ölkə ərazisindən keçməsi nəticəsində demək olar ki, respublikanın əksər rayonlarında hava şəraiti yağıntılı keçib. Bəzi ərazilərdə, əsasən dağlıq və dağətəyi rayonlarda yağıntılar intensiv və leysan xarakterli olub. Düşən yağıntının miqdarı Böyük Qafqazın rayonlarında - Balakən, Qax, Şəki, Oğuz, Qəbələ, Zaqatalada aylıq normanın 57 faizinədək qeydə alınıb və miqdarı 71 millimetrədək olub. İntensiv yağıntılar nəticəsində respublikanın çaylarında da sululuq artıb. Hidroloji məntəqələrdən daxil olan məlumata əsasən çaylarda səviyyə 23 santimetrdən 49 santimetrədək yüksəlib. Respublikanın yüksək dağlıq ərazilərində qar qeydə alınıb. Şahdağda yerləşən hidrometeoroloji stansiyanın məlumatına əsasən qar örtüyünün hündürlüyü 18 santimetrə çatıb.

YeniAvropa xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

Xidmətin rəisi bildirib ki, qeyri-sabit hava şəraiti - bu gün, yəni mayın 8-də də müşahidə olunsa da, yağıntıların intensivliyi azalır: “Əgər ötən gün ərzində paytaxtda küləyin maksimal sürəti saniyədə 30-33 metrə çatırdısa, günorta saatlarında küləyin sürəti 15 metr/saniyə təşkil edir. Günün ikinci yarısı axşama doğru külək nisbətən mülayimləşəcək. Yaxın günlər ərzində, yəni birinci ongünlüyün son günlərinədək respublikanın bəzi rayonlarında yağıntılı hava şəraiti fasilələrlə davam edəcək. Lakin güclü yağıntılar proqnozlaşdırılmır. Hava şəraitinin nisbətən sabitləşməsi isə mayın 13-dən sonra gözlənilir".