logo

“Moskva” kreyserinin koordinatlarını Ukrayna tərəfinə Pentaqon verib?

14:34 06-05-2022 | icon 2366
“Moskva” kreyserinin koordinatlarını Ukrayna tərəfinə Pentaqon verib?

Pentaqonun rəsmi nümayəndəsi Con Kirbi ABŞ kəşfiyyatının Rusiyanın “Moskva” kreyserinin koordinatlarını ukraynalı hərbçilərə ötürdüyü barədə mediada yayılan məlumatları təkzib edib.

YeniAvropa “The New York Times” qəzetinə istinadla xəbər verir ki, Con Kirbi Ukrayna hərbçilərinin Rusiyaya məxsus hərbi gəmiləri izləməyə və hədəfə almağa imkan verən kəşfiyyat məlumatlarına malik olduğunu deyib.

Bir müddət öncə Qərb mediasında ABŞ-ın “Moskva” kreyserini vurmağa imkan verən bəzi məlumatları Ukraynaya ötürdüyü barədə informasiyalar yayılıb. Onlar ukraynalı hərbçilərin kreyserin yeri barədə amerikalılardan kəşfiyyat məlumatı aldığını iddia edirlər.

Pentaqon rəsmisinin sözlərinə görə, ABŞ-ın Kiyevə ötürdüyü kəşfiyyat məlumatlarında dəqiq məhdudiyyətlər var. Belə ki, Vaşinqton indiyədək Rusiya ərazisindəki potensial hədəflər və hərbi rəhbərliyin yeri ilə bağlı Ukraynaya məlumat verməyib.

Xatırladaq ki, aprelin 14-nə keçən gecə Rusiya Müdafiə Nazirliyi Qara Dəniz Donanmasının flaqmanı olan “Moskva” kreyserində yanğın baş verdiyi barədə məlumat yayıb. Məlumata görə, yanğın zamanı döyüş sursatı partlayaraq gəmiyə ciddi zərər vurub və kreyser axşam saatlarında batıb. Ukrayna tərəfi isə kreyserin yerli istehsal olan gəmi əleyhinə “Neptun” raketi ilə vurulduğunu iddia edir.