logo

Türk dövlətləri dini liderlərinin növbəti görüşü Şuşada keçiriləcək

10:50 06-05-2022 | icon 3311
Türk dövlətləri dini liderlərinin növbəti görüşü Şuşada keçiriləcək

Qazaxıstanın Türküstan şəhərində “Türk xalqlarının İslam sivilizasiyasına töhfələri” mövzusunda beynəlxalq elmi-praktiki konfransı öz işinə başlayıb.

YeniAvropa xəbər verir ki, tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin(QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edir.

Türk Dövlətləri Təşkilatına(TDT) üzv ölkələrin dini idarə rəhbərlərinin iştirak etdiyi beynəlxalq konfransda Türkiyə Diyanət İşləri Başkanı Ali Erbaş, TDT-nin baş katibi Bağdad Amreyev, Qazaxıstan Müsəlmanları Ruhani İdarəsinin sədri Nauryzbay Hacı Tağanulı, Qazaxıstan informasiya və icma inkişafı naziri Askar Umarov, BTA prezidenti Darxan Kıdırali və digərləri iştirak edirlər.

Konfrans iştirakçıları türk dünyasının böyük din xadimi, təsəvvüf fəlsəfəsinin banisi Xoca Əhməd Yəsəvinin məqbərəsini ziyarət edib və dualar oxuyublar.

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dini idarə rəhbərləri ilə məşvərət zamanı İstanbulda təsis olunmasından sonra Azərbaycanda keçiriləcək növbəti toplantının müzakirəsi aparılıb.

Məşvərət zamanı bu görüşün vacibliyini qeyd edən QMİ sədri şeyxülislam Allahşükür Paşazadə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dini idarə rəhbərlərinin növbəti tədbirinin oktyabr ayının əvvəllərində Azərbaycanda keçirilməsini təklif edib: “Növbəti tədbir erməni işğalçılarından azad olunan Şuşa şəhərində keçirilsin və vacib qərarlara imza atılsın”.

Konfrans öz işini davam etdirir.