logo

Olimpiya mükafatçısı Səid Mollayi Azərbaycan bayrağı altında çıxış edəcək

17:35 04-05-2022 | icon 2751
Olimpiya mükafatçısı Səid Mollayi Azərbaycan bayrağı altında çıxış edəcək

Beynəlxalq Cüdo Federasiyası (IJF) Olimpiya oyunlarının gümüş mükafatçısı və dünya çempionu Səid Mollayinin bu il mayın 2-dən etibarən Azərbaycan bayrağı altında çıxış etməsinə rəsmi razılıq verib.

Azərbaycan Cüdo Federasiyasının(ACF) mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, IJF-nin qəbul etdiyi yeni idman qaydalarına əsasən, idmançı çıxış etdiyi ölkəni dəyişərkən əvvəllər olduğu kimi, reytinq xalları sıfırlanmayacaq. Bu qaydaya əsasən, dünya reytinqində öz çəki dərəcəsində yeddinci yerdə qərarlaşan Səid Mollayi hazırda malik olduğu reytinq xallarını qoruyub saxlayacaq.

Səid Mollayi 2018-ci ildə Bakıda keçirilən dünya çempionatının qalibi olub. Tokio Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb. Bundan əlavə, müxtəlif illərdə Asiya Oyunlarında və çempionatlarında, “Böyük dəbilqə” turnirlərində və digər nüfuzlu beynəlxalq yarışlarda qalib və mükafatçı olub.

ACF-nin baş katibi Rəşad Rəsullu qeyd edib ki, indiyədək Azərbaycan milli komandasında 81 kiloqram çəki dərəcəsi problemli hesab edilirdi: “Bu çəki dərəcəsində çoxsaylı ümidverici idmançılarımız olsa da, təəssüf ki, yüksək səviyyəli yarışlarda Olimpiya çempionumuz Elnur Məmmədlidən sonra mükafat qazanan olmayıb. Səid dünyanın aparıcı cüdoçularından hesab edilir və onun milli komandamıza qatılması ilə bu problemi qısa müddətdə aradan qaldırmağa nail olmağı hədəfləyirik. Eyni zamanda, hesab edirik ki, Səid kimi intizamlı və zəngin təcrübəyə malik idmançının milli yığmada olması bu çəki dərəcəsində rəqabəti artırmaqla yanaşı, istedadlı və gənc idmançılarımızın inkişafına da müsbət təsir göstərəcək”.

Səid Mollayi vurğulayıb ki, Azərbaycan bayrağı altında çıxış etmək onun ən böyük arzularından biri olub: “Monqolustan Cüdo Assosiasiyası ilə müqaviləm başa çatdıqdan sonra özüm ilk təşəbbüsü göstərərək ACF-yə müraciət etdim və Azərbaycan adından çıxış etmək niyyətimi bildirdim. Mən çox sevinirəm ki, bundan sonra doğma Azərbaycan bayrağı altında yarışlara qatılacağam. Qarşıda bizi dünya və Avropa çempionatları, 2024-cü ildə isə Paris Yay Olimpiya Oyunları gözləyir. Vaxtımız azdır, əlimdən gələni edəcəyəm ki, yaxşı nəticə göstərim və bayrağımızı yüksəklərə qaldırım”.