logo

İlham Əliyev və xanımı şəhid ailələri üçün salınan yeni yaşayış kompleksinin açılışında olub

17:30 02-05-2022 | icon 3066
İlham Əliyev və xanımı şəhid ailələri üçün salınan yeni yaşayış kompleksinin açılışında olub

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 2-də Bakının Sabunçu rayonunda şəhid ailələri və müharibə əlilləri üçün nəzərdə tutulan yeni yaşayış kompleksinin açılışında iştirak ediblər.

 YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev dövlət başçısına və birinci xanıma yeni yaşayış kompleksi barədə məlumat verib.

Bildirilib ki, doqquzmərtəbəli 12 binadan və 576 mənzildən ibarət yeni yaşayış kompleksi 2.76 hektar ərazidə inşa olunub. Kompleksdəki binalarda ümumilikdə 36 birotaqlı, 144 ikiotaqlı, 360 üçotaqlı və 36 dördotaqlı mənzil vardır.

Kompleksin ərazisində 100 yerlik uşaq bağçası və bir inzibati bina inşa olunub. Həmçinin sakinlərin və övladlarının asudə vaxtının səmərəli təşkili üçün şərait yaradılıb və kompleks bütün zəruri infrastrukturla təmin edilib.

Şəhid ailələri və müharibə əlillərinə 200 mənzil və 50 avtomobilin təqdim olunmasının məhz müqəddəs Ramazan bayramında gerçəkləşməsi isə təsadüfi deyil. Humanizm, sosial qayğıya ehtiyacı olan ailələrə xüsusi diqqət və islam dəyərlərinə sadiqlik Azərbaycan Prezidentinin idarəçilik konsepsiyasının mühüm tərkib hissələrindəndir.

Sosial məsələlərin həlli ilə bağlı ortaya qoyulan siyasi iradə və ardıcıl praktik addımlar deməyə əsas verir ki, Azərbaycan sosialyönümlü dövlət modeli formalaşdırıb. Qlobal bazardakı dəyişikliklərdən, tələb-təklifdən, yeni çağırışlardan doğan islahatlar belə, sosialyönümlü tədbirlərlə kompensasiya edilir. Başqa sözlə, bazar iqtisadiyyatının möhkəmlənməsi üçün kompleks tədbirlər sistemi əhalinin sosial baxımdan nisbətən zəif təbəqəsinin maraqlarına xidmət edir. Bu siyasət postmüharibə dövründə xüsusilə geniş vüsət alıb. Prezident İlham Əliyevin göstərişi ilə postmüharibə dövründə icra olunan sosial dəstək paketi 100 min şəxsi əhatə edib, onlara 166 min xidmət göstərilib.

Bu dövr ərzində şəhid ailə üzvləri və müharibə iştirakçılarından ibarət 93 min nəfərə 103 min sosial ödəniş təyin olunub. Mənzil proqramı 5 dəfə genişləndirilib, 2021-ci ildə 3000, postmüharibə dövründə 3500 mənzil verilib. Beləliklə, ümumilikdə 12500 şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə, 7400 müharibə əlili avtomobillə təmin olunub.

Vətən müharibəsinin 200 hərbçisi, ümumilikdə 300 müharibə əlili son nəsil protezlərlə, 1400 müharibə əlili 17 min reabilitasiya vasitəsi, 5 min ailə sosial-psixoloji, 1500 şəxs reabilitasiya xidmətləri ilə təmin edilib, 11 min şəxs aktiv məşğulluq proqramlarına cəlb olunub, vahid əlaqələndirmə mərkəzləri tərəfindən isə 30 min şəxsə xidmətlər göstərilib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kompleksdəki uşaq bağçasında yaradılan şəraitlə tanış olublar.

Sonra dövlət başçısı və birinci xanım Vətən müharibəsində şəxsi igidliyinə və şücaətinə görə "Füzulinin azad olunmasına görə", "Vətən uğrunda" və “Cəsur döyüşçü” medalları ilə təltif edilmiş şəhid Mahir Məmmədovun ailəsinin qonağı olublar.

Prezident İlham Əliyev şəhidin ailə üzvləri ilə söhbət edib:

"İlk növbədə, sizi Ramazan bayramı münasibətilə təbrik etmək istəyirəm. Biz bu bayram günündə Bakı şəhərində yeni şəhərciyin açılışını qeyd edirik. Şəhid ailələri üçün nəzərdə tutulan mənzillərdə həm şəhid ailələri, həm müharibə əlilləri yaşayacaqlar. Allah bütün şəhidlərimizə rəhmət eləsin, Allah sizin oğlunuza rəhmət eləsin. Böyük faciədir, böyük itkidir. Siz oğlunuzu itirmisiniz, siz həyat yoldaşınızı, siz isə qardaşınızı. Bilirəm ki, Mahir çox qəhrəman bir insan idi, Aprel döyüşlərində də iştirak etmişdi. Vətən müharibəsində də xüsusi qəhrəmanlıq göstərdiyinə görə dövlət tərəfindən üç medalla təltif edilmişdir. Ağır itkidir, sağalmaz bir yaradır, bunu hər kəs başa düşür. Amma yeganə təsəlli o ola bilər ki, canını Vətən uğrunda fəda etdi. Onun və onun kimi övladlarımızın qəhrəmanlığı nəticəsində biz işğala son qoyduq.

Birinci Qarabağ müharibəsində şəhidlərimiz olub, bu günə qədər 4 minə yaxın insan itkin düşmüş hesab olunur. Aydın məsələdir ki, onlar həyatda deyil, həyatını itiriblər və ümumiyyətlə, 15 mindən çox şəhidimiz olubdur. Buna baxmayaraq, torpaqlarımız da əldən gedib. Amma İkinci Qarabağ müharibəsində şəhidlərimiz az olub. Halbuki, hər bir şəhidin həyatı təkrarolunmazdır, əvəzolunmazdır. Ancaq əməliyyatlar aparılan zaman vacib şərtlərdən biri də o idi ki, itkilərimiz az olsun və torpaqlarımız da geri qayıtdı.

Hər bir şəhidin xatirəsi, əlbəttə, onların yaxınlarının və bütün Azərbaycan xalqının qəlbində əbədi yaşayır və yaşayacaq. Keçən il sentyabrın 27-də - Anım Günündə biz o Anım yürüşünü sanki şəhidlərlə birlikdə etdik, onların şəkilləri ilə. Sonra o şəkillər onların ailələrinə təqdim edilmişdir. Yeganə təsəlli o ola bilər, başqa təsəlli ola bilməz.

Əlbəttə, biz bütün şəhidlərimizin ailələrinin məişət problemlərini həll etməyə çalışırıq və çalışacağıq. Bu, bizim borcumuzdur. Prezident kimi mənim və dövlətimizin borcudur. Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinin ailələrinə bu günə qədər 12 mindən çox mənzil verilib. Bu, yenə də bizim borcumuzdur. Əsas təsəlli odur ki, o, əbədiyyətə qovuşub, şəhadət zirvəsinə qovuşub. Bu dünyada heç kim əbədi qalmayacaq, hamımız gec-tez haqq dünyasına qovuşacağıq. Əlbəttə ki, gənc yaşında həyatdan getmək böyük faciədir, ancaq nə deyə bilərik. Yeganə təsəlli odur ki, o, Vətən uğrunda döyüşüb, vuruşub, həlak olub və eyni zamanda, onun qanı yerdə qalmayıb. O, oktyabrın 19-da rəhmətə getmişdir. Artıq Füzuli şəhəri işğaldan azad edilmişdir. Ondan sonra onun yoldaşları müzəffər yürüşünü axıra qədər davam etdirərək bayrağımızı Şuşada sancdılar, düşməni qovduq və haqq-ədaləti bərpa etdik.

Sizin üçün əlbəttə ki, çox ağırdır, bu itki ilə heç cür barışmaq mümkün deyil. Vaxt da bu yaranı sağaltmayacaq. Amma yenə də onun xatirəsi, onun qəhrəmanlığı daim yaşayacaq. Azərbaycan vətəndaşları, bütün dünya azərbaycanlıları şəhidlərimizlə fəxr edirlər. Onlar bizim üçün qürur mənbəyidir və bu, Azərbaycan xalqı durduqca əbədi olacaq. Biz onların xatirəsini əbədi yaşadacağıq. Onların qəhrəmanlığı heç vaxt bizim yaddaşımızdan, sonrakı nəsillərin ürəyindən silinməyəcək. Şəhidlər ölmür, biz bunu artıq dəfələrlə demişik, onlar bizimlədir. Çünki onların xatirəsi yaşayır, Mahirin övladı yaşayır. Əminəm ki, atasına layiq böyüyəcək. Sadəcə olaraq, onun böyüməsi, onun atası kimi qəhrəman olması sizin üçün bir təsəlli ola bilər.

Yəni, o, həyatda övladını, gənc həyat yoldaşını, qardaşını, anasını qoyub getdi. Bilirsiniz, müharibədən sonra şəhid ailələri ilə, veteranlarla, qazilərlə çoxsaylı görüşlərim olub. Hər bir görüş bir daha xalqımızın böyüklüyünü göstərir. Çünki öz oğlunu, həyat yoldaşını, qardaşını itirmək böyük faciədir. Ancaq bu, xalqımızın iradəsini sarsıtmadı. Biz Mahir kimi qəhrəmanlar hesabına bundan sonra qəhrəman və müzəffər xalq kimi əbədi yaşayacağıq. Yenə də deyirəm, biz Birinci Qarabağ müharibəsini də heç vaxt unutmamalıyıq, şəhidləri unutmamalıyıq. O vaxt onlar şəhid oldular, amma torpaqlar da getdi. Bu dəfə şəhid oldular, amma torpaqlar qayıtdı. Fərq budur və təsəlli bu ola bilər. Əlbəttə, yaxın, doğma adamın itirilməsi yarası heç vaxt sağalmayacaq. Amma həyat davam edir və davam edəcək.

İndi torpaqların yenidən qurulması işinə start vermişik. Azad edilmiş torpaqlarda, indi yaradılan binalarda, evlərdə, məktəblərdə, xəstəxanalarda, o binaların hər bir daşında şəhidlərimizin əbədi təsviri həkk olunub. Onlar bu torpaq üçün həlak oldular, Vətəni hər şeydən üstün tutdular. Bir daha demək istəyirəm, həm Aprel döyüşləri zamanı, həm İkinci Qarabağ müharibəsində Mahir əsl vətənpərvərlik göstərmişdir. İndi onun xatirəsini yaşatmaq, onun övladını dəyərli vətəndaş kimi böyütmək yəqin ki, sizin üçün əsas məsələdir. Dövlət üçün də əsas məsələdir. Dövlət şəhid ailələrinin problemlərinin həlli üçün əlindən gələni edir və edəcək. Bu haqda çox danışmaq istəməzdim. Bu, bizim borcumuzdur və sizin həyatınız, yaşayışınız daim diqqət mərkəzində olacaqdır".