logo

Faydalı qazıntı yataqları üzrə növbəti hərrac keçiriləcək

12:12 30-04-2022 | icon 3605
Faydalı qazıntı yataqları üzrə növbəti hərrac keçiriləcək

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən iyunun 1-də yerin təkinin istifadəyə verilməsi üzrə növbəti hərrac keçiriləcək.

Agentlikdən YeniAvropa-ya bildirilib ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında saat 11:00-da keçiriləcək hərracda Şabran rayonunda 1 lot üzrə “Baş Əmirxanlı” gil yatağı satışa çıxarılacaq. Başlanğıc qiyməti 4500 manat təşkil edən yatağa sahib olmaq üçün iddiaçılar müvafiq sənədlər toplusunu mayın 25-i 16:00-a qədər Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 31 ünvanına təqdim etməlidirlər. Tələb olunan sənədlərin siyahısı ilə agentliyin rəsmi internet səhifəsində “Hərraclar” bölməsində tanış olmaq mümkündür (www.meda.gov.az).

Agentlik tərəfindən hərrac iştirakçısına hərrac ilə bağlı dəvət məktubu verildikdən sonra iki iş günü ərzində başlanğıc qiymətinin 10 faiz miqdarında beh məbləği ödənilməlidir. Beh məbləği ödənilmədiyi təqdirdə iddiaçı hərraca buraxılmır.

Hərracda iştirak etmək istəyən fiziki və hüquqi şəxslər hərracla bağlı məlumat almaq, xidmət haqqı və 10 faiz miqdarında beh məbləğini ödəmək üçün eyni zamanda Əmlak Xidmətləri Məkanına da müraciət edə bilərlər.

“Çağrı mərkəzi”: 193, telefon: (012) 566-07-44

Hərracın keçiriləcəyi ünvan: Əmlak Xidmətləri Məkanı, Xəlil Rza Ulutürk 20, Bakı, Azərbaycan, 1029.