logo

Putin Ərdoğana təşəkkür etdi:Əsir dəyişmə prosesinə yardıma görə

14:54 28-04-2022 | icon 3416
Putin Ərdoğana təşəkkür etdi:Əsir dəyişmə prosesinə yardıma görə

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Danışıq əsnasında aprelin 27-də Türkiyədə Rusiya ilə ABŞ arasında baş verən mübadilə, eləcə də Rusiya-Ukrayna böhranı ilə bağlı son vəziyyət müzakirə olunub.

YeniAvropa xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Bildirilib ki, danışıq zamanı Rusiya prezidenti aprelin 27-də Türkiyədə Milli Kəşfiyyat Təşkilatının koordinasiya və nəzarəti altında rus pilot Konstantin Yaroşenko və amerikalı dəniz piyadası Trevor Ridin dəyişdirilməsinə görə prezident Ərdoğana təşəkkür edib.

Prezident Ərdoğan Türkiyənin bu mübadilədə vasitəçi olmasının təkcə sülhə, dialoqa və əməkdaşlığa verdiyi əhəmiyyətin göstəricisi deyil, həm də vasitəçilik missiyası baxımından önəmli olduğunu qeyd edib.

Mübadilə prosesində Milli Kəşfiyyat Təşkilatının oynadığı rola işarə edən prezident Ərdoğan, kəşfiyyat birlikləri arasında koordinasiya və yaxın dialoqun davam etdirilməsinin lazım olduğunu vurğulayıb. Türkiyə prezidenti bunun regionda humanitar faciələrin qarşısının alınmasına və sabitlik mühitinin yaradılmasına töhfə verəcəyini bildirib.

Rusiya ilə Ukrayna arasındakı qarşıdurmanı bitirmək və sülh yolunda vasitəçilik etmək üçün təşəbbüs göstərməyə hazır olduqlarını bildirən prezident Ərdoğan, İstanbul danışıqları zamanı əldə olunan sürəti artıraraq, bölgədə ən qısa zamanda qalıcı sülhün bərqərar olmasını istədiklərini dilə gətirib.

Prezident Ərdoğan Türkiyənin iki qonşusu arasındakı bu böhranı aradan qaldırmaq, sülhün bərqərar olması üçün əzm və səmimiyyətlə səylərini davam etdirəcəklərini xüsusi vurğulayıb.