logo

ATƏT-in yeni sədri prioritetlərini açıqladı

18:58 13-01-2022 | icon 8540
ATƏT-in yeni sədri prioritetlərini açıqladı

Yanvarın 13-də ATƏT-in Vyanada yerləşən Baş Katibliyində təşkilatın yeni sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau ölkəsinin sədrlik dövrü üçün prioritetlərini açıqlayıb.

YeniAvropa xəbər verir ki, Zbiqnev Rau çıxışında ATƏT məkanında yeni müharibə təhlükəsinin son 30 ildə ən yüksək həddə çatdığına dair xəbərdarlıq edib. Konkret ölkə adı çəkməyən diplomat Şərqi Avropada hərbi gərginlikdən narahatlığını ifadə edib və böhranın bütün Avropa sisteminin sabitlik və təhlükəsizliyinə təhdid yaratdığını bildirib.

O, münaqişələrin nizamlanmasında ATƏT-in oynadığı rolu bir daha diqqətə çatdırıb və bu forumdan dialoqun qurulması üçün yararlanmağa çağırıb. Qeyd edib ki, Ukrayna böhranının həlli bu dövlətin suverenliyi və ərazi bütövlüyünə tam hörmət əsasında baş verməlidir. Yeni sədr, həmçinin vurğulayıb ki, onun sədr qismində ilk səfəri də Ukraynaya olacaqdır.

Çıxışdan sonra bir sıra ölkələr Ukrayna ətrafında gərginliklə bağlı mövqelərini bildiriblər. ABŞ və Rusiya diplomatlarının çıxışları isə qarşılıqlı ittiham üzərində qurulub.

ATƏT-in Baş katibi Helqa Şmid isə çıxışında təcili şəkildə gərginliyin azaldılması və etimad quruculuğu tədbirlərinin görülməli olduğunu vurğulayıb və bunun üçün ATƏT platformasından istifadə etməyə çağırıb.