logo

Prokurorluq sabiq deputatın Bakıda 37 ağacı kəsdirdiyini təsdiqləyir

13:43 13-01-2022 | icon 1407
Prokurorluq sabiq deputatın Bakıda 37 ağacı kəsdirdiyini təsdiqləyir

Baş Prokurorluq  70 saylı Masallı şəhər Seçki Dairəsindən 10 il Milli Məclisin deputatı olmuş, "Ştutqart" şirkətinin sahibi Nəriman Əliyevin Bakının Nərimanov rayonu ərazisində ağacları qanunsuz kəsdirməsi faktı üzrə aparılan araşdırmanın ilkin nəticələrini açıqlayıb.

Qurumun Mətbuat Xidmətindən YeniAvropa-ya bildirilib ki, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Qayıbov küçəsi 10C ünvanında qanunsuz olaraq ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olan materiallar əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma başlanılıb.

Bununla əlaqədar prokurorluq əməkdaşları tərəfindən Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının iştirakı ilə qeyd edilən əraziyə baxış keçirilib, zəruri şəxslərin izahatları alınıb və xüsusi texnika vasitəsilə torpaq qatı qazılaraq müvafiq nümunələr götürülməklə hazırda da qazıntı işləri davam etdirilir.

Araşdırma zamanı müəyyən edilib ki, qeyd edilən torpaq sahəsində mövcud olmuş sərv və şam cinsli ağaclar qanunsuz olaraq kəsilərək götürülüb.

"Hazırda Baş Prokurorluqda araşdırmalar davam edir, nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək", - qurumun Mətbuat Xidmətindən bildirilib.

Xatırladaq ki, söhbət paytaxtın Nərimanov rayonu, Ə.Qayıbov küçəsi 10C ünvanında mövcud olmuş  37  sərv və şam cinsli ağacların kəsdirməsindən gedir.