logo

Prokurorluq “jamaz.info” saytının rəhbərini 500 manat cərimələdi

10:50 13-01-2022 | icon 1372
Prokurorluq “jamaz.info” saytının rəhbərini 500 manat cərimələdi

Müasir dövrdə ölkəmizdə informasiya texnologiyalarının inkişafı istiqamətində həyata keçirilən dövlət siyasəti nəticəsində internet xidmətlərindən azad istifadə imkanlarının artması, informasiyaların əldə olunması, yayılması zamanı sosial media platformalarının sahibləri və istifadəçilərinə geniş hüquqlar təmin etməklə yanaşı, müvafiq qanunvericilik aktlarının tələblərinə riayət olunması vəzifəsini də müəyyənləşdirir.

Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, prokurorluq orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, hüquq qaydasının möhkəmləndirilməsi, vətəndaşların hüquq və mənafelərinin qorunması, təhlükəsizliyin təmin olunması sahəsində həyata keçirilən sistemli tədbirlər çərçivəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunun və digər qanunvericilik aktlarının tələblərinə zidd olaraq qadağan edilmiş məlumatların yayımlanmasının qarşısının alınması daim nəzarətdə saxlanılır, qanun pozuntusuna yol verən şəxslər barəsində ciddi məsuliyyət tədbirləri tətbiq edilir.

Bununla əlaqədar Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən aparılan araşdırmalar nəticəsində media nümayəndəsi İbişbəyli Fikrət Fəraməz oğlunun Şuşa şəhərinin Xankəndidən atəşə tutulması barədə həqiqətə uyğun olmayan məlumatı özünə məxsus “jamaz.info” xəbər saytında yerləşdirməsinə görə yanvarın 12-də barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanıb. Toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin həmin tarixli qərarı ilə Fikrət İbişbəyli barəsində 500 manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilib.

Azərbaycan Respublikasının Baş Prokurorluğu media subyektlərini və sosial şəbəkə istifadəçilərini bir daha öz fəaliyyətlərində qanunvericiliyin tələblərinə riayət olunmasına dəvət edir. Baş Prokurorluq bildirir ki, dəqiqləşdirilməmiş, həqiqətə uyğun olmayan, eləcə də ictimaiyyətdə çaşqınlıq yaratmağa yönəlmiş informasiyaların qərəzli surətdə yayılmasına görə bundan sonra da qəti tədbirlər görüləcək.