logo

 Zakir Həsənov hərbi təhsilin daha yüksək təşkili tapşırığını verib

10:40 13-01-2022 | icon 1421
 Zakir Həsənov hərbi təhsilin daha yüksək təşkili tapşırığını verib

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki,

hərbi məktəbin klubunda zabit və kursantlar, həmçinin professor-müəllim heyəti ilə keçirilən görüşdə çıxış edən Zakir Həsənov prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan Qələbənin tarixi əhəmiyyətindən danışıb. Müharibə zamanı qardaş Türkiyənin mənəvi və siyasi dəstəyinin vacib rol oynadığı xüsusi vurğulayıb.

Yeni tədris ilinin başlanması münasibətilə şəxsi heyəti təbrik edən nazir hərbi məktəbin yetirmələrinin Vətən müharibəsində qəhrəmanlıq və şücaətlərini yüksək qiymətləndirib. Müdafiə naziri Azərbaycan Ordusunda yeni texnologiyalardan istifadə olunmaqla aparılan kadr islahatlarının Ordumuzun daha da güclənməsində mühüm rol oynadığını bildirib.

Ali Hərbi Məktəbdə hərbi mütəxəssislərin hazırlıq proqramının Türkiyə Respublikasının Milli Müdafiə Universitetinin hərbi məktəblərində tətbiq olunan proqramlara uyğunlaşdırılmasının Azərbaycan Ordusunda peşəkar zabit kadrlarının hazırlanması istiqamətində atılan mühüm addımlardan biri olduğu qeyd edilib.

Sonra general-polkovnik Zakir Həsənov kursantların qayğıları ilə maraqlanıb, onlara tədrisdə və gələcək xidmətlərində uğurlar arzulayıb.

Sonda müdafiə naziri hərbi təhsil sisteminin daha yüksək səviyyədə təşkili üçün müvafiq tapşırıqlar verib.