logo

ƏƏSMN-in sabiq aparat rəhbəri  törətdiyi cinayətləri etiraf etdi

19:22 12-01-2022 | icon 1421
ƏƏSMN-in sabiq aparat rəhbəri  törətdiyi cinayətləri etiraf etdi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) keçmiş aparat rəhbəri Əjdər Cəbiyevin (Əjdər Ol) cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə prosesi başlayıb.

YeniAvropa xəbər verir ki, prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihama görə, Əjdər Cəbiyev rüşvət almaqda, qulluq mövqeyindən istifadə edərək külli miqdarda dövlət vəsaitini mənimsəməkdə təqsirləndirilir. O, sabiq nazir Səlim Müslümovun dövründə ƏƏSMN-nin aparat rəhbəri işləyib. Cəbiyev sabiq nazirlə əlbir olaraq bir neçə nəfərdən ümumilikdə 500 min manat rüşvət alıb.

Bundan başqa, Cəbiyev Səlim Müslümov və digər şəxslərlə əlbir olaraq 2014-cü ildə Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində obyektlərin tikilməsi üçün qulluq mənafeyindən istifadə edərək Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhidlərin sosial-məişət şəraitlərinin yaxşılaşdırılması üçün Gəncə və Mingəçevir şəhərlərində mənzillərin alınması ilə bağlı dövlət büdcəsindən ayrılmış külli miqdarda vəsaitin mənimsəmə yolu ilə ələ keçirilməsinə nail olub. Belə ki, həmin mənzillərin alqı-satqısı zamanı satan şəxslərə dövlət büdcəsindən ayrılmalı olan məbləğdən artıq vəsait köçürülərək müəyyən hissəsini onlara çatdırılması ilə bağlı razılıq əldə olunub. Ümumilikdə Gəncə və Mingəçevir şəhərlərində mənzillərin satın alınması üçün nəzərdə tutulmuş məbləğdən 262 min 760 manat dövlət vəsaiti köçürülərək nağdlaşdırılmasına nail olunub.

Sabiq aparat rəhbəri ona qarşı elan olunmuş ittihamlarla özünü təqsirli bilib və göstərilən cinayət əməllərini törətdiyini etiraf edib: “Özümü təqsirli bilirəm. İstintaqa verdiyim ifadələri tam təsdiq edirəm. Pulları alıb nazirliyin müəyyən xərclərinə sərf etmişik. Başqa məqsədim olmayıb. Həmin pullar uzun illər ərzində alınmış məbləğlərdir”.

Əjdər Cəbiyev ifadəsinin davamında hazırda həbsdə olan sabiq nazir Səlim Müslümovla əlbir olmadığını deyib:”Səlim Müslümovla əlbir olmamışam. Aldığım pullardan ona nəsə verməmişəm”.

Məhkəmədə dindirilən şahidlərin bir qismi ƏƏSMN və DSMF-nin tabeliyindəki qurumlarda çalışdıqlarını, daha yüksək vəzifəyə keçmək üçün Cəbiyevə pul verdiklərini bildiriblər.

Şahid Rövşən Xəlilov ifadəsində podratçı şirkətin direktoru işlədiyini deyib: “Mənə vətəndaşlarla əlaqəyə keçib onlardan aşağı qiymətə evlərini almaq tapşırığı verilmişdi. Həmin evləri baha qiymətə satdıq. Məsələn, vətəndaşın birindən evi 35 min manata almışdıq, halbuki nazirlikdən 52 min manat pul köçürülmüşdü."

Digər şahid Natiq Əzizov ifadəsində sabiq nazir Səlim Müslümovun onlara ucuz qiymətə evlər almağı və təmir etməyi tapşırdığını göstərib: “Özümüzün təmir etməyimizi tapşırmışdı. Bütün pulları Əjdər Cəbiyevə verirdim”.

Məhkəmə prosesi yanvarın 19-da davam edəcək.

Qeyd edək ki, külli miqdarda rüşvət almaqda ittiham olunan Əjdər Cəbiyev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Cəbiyev barəsində istintaq orqanın təqdimatı əsasında Səbail rayon Məhkəməsi tərəfindən 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Onu da qeyd edək ki, Cəbiyev (Əjdər Ol) nazirliyin sabiq aparat rəhbəri olmaqla yanaşı yazıçı kimi fəaliyyət göstərib.

Cəbiyev keçmiş nazir Səlim Müslimovun rəhbərlik etdiyi dövrdə nazirliyin aparat rəhbəri işləyib.