logo

Azərbaycan- Səudiyyə Ərəbistanı əməkdaşlığı müzakirə edilib

18:12 12-01-2022 | icon 1365
Azərbaycan- Səudiyyə Ərəbistanı əməkdaşlığı müzakirə edilib

Yanvarın 12-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Haməd bin Abdullah bin Səud bin Xudeyri ilə görüşüb.

 YeniAvropa xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, görüşdə hər iki ölkə arasında əməkdaşlıq gündəliyinin aktual məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov iki dost dövlət arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib. Ötən il Səudiyyə Ərəbistanına rəsmi səfərini xatırlayan nazir bu ölkənin xarici işlər naziri, şahzadə Feysəl bin Fərhan Al Səud ilə keçirilmiş görüşə, habelə beynəlxalq tədbirlər çərçivəsində həmkarı ilə olan təmaslarına məmnunluqla istinad edib. Azərbaycan hökuməti ilə Səudiyyə Ərəbistanı hökuməti arasında Müştərək Komissiyanın bu yaxınlarda Ər-Riyad şəhərində keçirilmiş iclasının münasibətlərin genişlənməsinə töhfə verdiyi qeyd edilib. Nazir Ceyhun Bayramov Səudiyyə Ərəbistanı xarici işlər nazirini Azərbaycanda görməkdən məmnun olacağını bildirib.

Səfir Haməd bin Abdullah bin Səud bin Xudeyr iki ölkə arasında əlaqələrin inkişafından və son zamanlar həyata keçirilən ikitərəfli görüşlərdən bəhs edib. Qarşılıqlı səfərlərin münasibətlərin inkişafına müsbət təsir etdiyini vurğulayıb.

Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, habelə qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.