logo

50 yaşlı Alixan Smailov Qazaxıstanın yeni baş naziri oldu

10:45 11-01-2022 | icon 1918
50 yaşlı Alixan Smailov Qazaxıstanın yeni baş naziri oldu

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Alixan Smailovun baş nazir vəzifəsinə namizədliyini ölkənin parlament Məclisinin (parlamentin aşağı palatası) müzakirəsinə təqdim edib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, prezident Tokayev bu gün parlamentin iclasında videobağlantı vasitəsilə çıxış edərək deputatlara Alixan Smailovun hökumət başçısı vəzifəsinə namizədliyinə baxmağı təklif edib.

İclasda A. Smailovun lehinə 89 nəfər səs verilib və o, ölkənin yeni baş naziri seçilib.

Xatırladaq ki, yanvarın 2-də başlayan etiraz dalğası fonunda prezident Kasım-Jomərt Tokayev hökuməti istefaya göndərib və Alixan Smailov baş nazirin vəzifəsini müvəqqəti icra etməyə başlayıb. 

Alixan Smailov 1972-ci ildə Almatı şəhərində anadan olub.  Əl-Fərabi adına Qazaxıstan dövlət universitetini bitirib.Məzun olduqdan sonra müxtəlif rəhbər vəzifələrdə çalışıb. O cümlədən, Dövlət Statistika agentliyinin sədri(1999-2003 və 2009-2014), xarici işlər nazirinin müavini(2003-2006), maliyyə nazirinin müavini(2006–2009), Qazaxıstan prezidentinin köməkçisi(2015-2018), maliyyə naziri(2018-2019), 2019-cu ildən isə baş nazirin I müavini vəzifəsini daşıyıb.