logo

Hulusi Akar: "Daim Azərbaycanın yanındayıq"

20:20 08-01-2022 | icon 1715
Hulusi Akar: "Daim Azərbaycanın yanındayıq"

Azərbaycan bizim can qardaşımızdır. “İki dövlət, bir millət” olaraq daim Azərbaycanın yanındayıq.

 YeniAvropa xəbər verir ki, bu fikirləri Türkiyənin milli müdafiə naziri Hulusi Akar jurnalistlərə açıqlamasında söyləyib.

Ölkəsinin məqsədinin bütün Qafqazda davamlı sülh və sabitliyə töhfə vermək olduğunu bildirən H.Akar deyib: “Bizim arzu və ümidimiz Azərbaycan və Türkiyə prezidentlərinin birlikdə Ermənistana uzatdığı sülh əlinin başa düşülməsi, tutulmasıdır. Bu fürsətdən istifadə edilməsidir. Söhbət yalnız Azərbaycan və Ermənistandan getmir, bütün bölgəni sabitlik adasına çevirməkdən gedir”.

H.Akar vurğulayıb ki, Azərbaycanla hərbi sahədə fəaliyyət davam edir. Atəşkəsə nəzarət üçün ötən il yanvarın 30-dan etibarən Rusiya ilə birlikdə ortaq mərkəzin yaradıldığını xatırladan nazir deyib: “Orada atəşkəsin pozulması halları nəzarətdə saxlanılıb. Vəziyyətə nikbin baxırıq. Atəşkəs pozuntuları getdikcə azalır, sabitlik daha əhatəli olur. Ümid edirik ki, qarşıdakı günlərdə daha stabil vəziyyət yaranacaq. Buradakı məsələlərdə Türkiyə-Rusiya əməkdaşlığının uğurlu olacağına, atəşkəsin əldə ediləcəyinə inanırıq, bunun davamlılığına öz töhfəmizi veririk”.

Nazir, həmçinin Türkiyə hərbçilərinin azərbaycanlı həmkarları ilə birgə mina və əldəqayırma partlayıcı maddələrin təmizlənməsinə çalışdıqlarını qeyd edib.