logo

Koreyanın Azərbaycandakı yeni səfiri Ceyhun Bayramovla görüşüb

15:45 08-01-2022 | icon 1757
Koreyanın Azərbaycandakı yeni səfiri Ceyhun Bayramovla görüşüb

Yanvarın 8-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Koreya Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Li Eun-Yongun etimadnaməsinin surətini qəbul edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən YeniAvropa-ya bildirilib ki, nazir Ceyhun Bayramov səfir Li Eun-Yongu təyinatı münasibətilə təbrik edərək, ona fəaliyyətində uğurlar arzulayıb. Nazir Azərbaycanla Koreya arasında mövcud olan ikitərəfli münasibətlərin uğurlu inkişafını, həmçinin iki ölkə arasında bir çox sahələrdə geniş əməkdaşlıq imkanlarının mövcud olduğunu bildirib. O, iqtisadi sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırıb və bu xüsusda, Azərbaycanla Koreya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın fəaliyyətini vurğulayıb.

Nazir Ceyhun Bayramov həmsöhbətinə Ermənistan tərəfindən Azərbaycana qarşı həyata keçirilən təcavüzkar siyasətin tarixi, beynəlxalq ictimaiyyətin bununla bağlı mövqeyi, 44 günlük Vətən müharibəsi, üçtərəfli bəyanatların imzalanmasından sonra bölgədə mövcud olan vəziyyət, mina təhlükəsi, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri barədə ətraflı məlumat verib.

Səfir Li Eun-Yong görüşə görə nazir Ceyhun Bayramova təşəkkürünü ifadə edərək, Azərbaycana təyin olunmasından məmnunluq hissi keçirdiyini bildirib. Diplomat iki ölkə arasında əlaqələrin uğurla inkişaf etdiyini bildirib, Azərbaycanla Koreya arasında siyasi, iqtisadi, təhsil və digər sahələrdə əməkdaşlıq münasibətlərinin inkişaf perspektivlərinə toxunub.

Tərəflər Azərbaycanla Koreya arasında ikitərəfli münasibətlərin müxtəlif aspektləri, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər. Eyni zamanda, azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinə Koreya şirkətlərinin cəlbi məsələləri müzakirə olunub.

Görüşdə, habelə digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.