logo

Ötən il 60 min nəfərə əlillik verilməsindən imtina edilib

15:55 07-01-2022 | icon 1715
Ötən il 60 min nəfərə əlillik verilməsindən imtina edilib

2021-ci il Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi üçün xüsusi əhəmiyyət kəsb edib, çünki Vətən müharibəsində yaralanmış qazilərin ekspertiza və reabilitasiyası ilin prioritet mövzularından olub. Ümumiyyətlə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-Sosial Ekspertiza xidmətinin iki əsas istiqaməti var. Bunlardan biri əlilliyin qiymətləndirilməsi, digəri isə əlillərin reabilitasiyasıdır. Ötən il ərzində hər iki istiqamət üzrə mühüm işlər reallaşdırılıb. Cari ildə də kifayət qədər uğurlu tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

 YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-Sosial Ekspertiza xidmətinin təşkili departamentinin müdir müavini İlkin Yusifov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi feysbuk səhifəsindəki canlı yayımda çıxışı zamanı məlumat verib.

İ.Yusifov bildirib ki, 2021-ci ildə 200 mindən çox göndəriş rəsmiləşdirilərək reyestrə daxil edilib və agentlik tərəfindən qiymətləndirilib: “Əlilliyin qiymətləndirilməsi vətəndaşların iştirakı olmadan dövlət tibb müəssisələrinin adsızlaşdırılmış göndərişləri əsasında “əlillik” altsistemi üzərindən həyata keçirilir. Qiymətləndirmə nəticəsində aydın olub ki, 2021-ci il ərzində Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkə üzrə ümumilikdə 60 mindən çox əlillik təyinatı aparılıb. Onlardan 18 mini ilkin əlillik, 43 minə yaxını isə təkrar əlillik təyinatları olub. Təyinatlarla yanaşı göndərişlərin qiymətləndirilməsi zamanı əlillik təyinatından imtina qərarları da verilir. İmtina qərarları birbaşa sistem üzərindən və ya daha sonra verilə bilər. İl ərzində təxminən 12 min göndərişə sistem üzərindən əlillikdən imtina qərarı verilib. Təxminən 60 minə yaxın göndərişdən isə natamam doldurulduğuna görə imtina edilib. Bu, dövlət tibb müəssisəsi tərəfindən qoyulan diaqnoz müayinələrlə tam əsaslandırılmadıqda və yaxud da diaqnozu təsdiq edən müayinələr tam qeyd olunmadıqda tətbiq edilir”.