logo

Azərbaycanda avtomobil bazarında  qiymət sabitləşəcək-ŞƏRH

15:35 06-01-2022 | icon 2576
Azərbaycanda avtomobil bazarında  qiymət sabitləşəcək-ŞƏRH

Ötən ilin dekabr ayında Azərbaycanda avtomobil bazarı üzrə satışlar noyabr ayına nisbətən, təqribən, 5 % artıb.

YeniAvropa xəbər verir ki, bu barədə avtomobil bazarı üzrə ekspert Eldəniz Cəfərov məlumat verib. 

Bildirib ki, noyabrda satışlar kəskin azalsa da, dekabrda vəziyyət artıq normallaşıb.

Onun sözlərinə görə, ötən ilin dekabrında avtomobillərin qiymətində elə bir ciddi dəyişiklik olmayıb: "Ay ərzində ölkəyə daha çox gətirilən və satılan avtomobillər Rusiya istehsalllı avtomobillər olub. Bu avtomobillərin bugünkü Avropa təhlükəsizlik standartlarına qismən cavab verilməsinə baxmayaraq, onlara qiymətlərinin və lizinq şərtlərinin əlverişli olmasına görə tələb var. Seqment məsələsinə gəldikdə, daha çox “C” seqmenti olan avtomobillər satılır. Bunlar mühərrikin həcmi 1500 -1800 kubsantimetr arasında olan avtomobillərdir”.

Ekspert hesab edir ki, növbəti aylarda ölkənin avtomobil bazarında qiymətlər sabit qalacaq: “Bu il yanvarın 1-dən Azərbaycana idxal olunan yeni hibrid və elektrik mühərrikli avtomobillər ƏDV-dən azad olunub. Bu o deməkdir ki, həmin tarixdən vətəndaşlarımız bu avtomobilləri daha ucuz qiymətə alacaq. Paralel olaraq ölkəmizə idxal olunan benzin və dizel mühərrikli avbtomobillərin mühərrik həcminə görə alınan rüsumlar artırılıb. Bununla avtomobil bazarında qiymətlərin tənzimlənməsində bir balanslaşdırma yaradılır. Nəticədə avtomobillərin qiymətinin kəskin dəyişməsinə şərait olmayacaq”.