logo

Un və çörəyin qiymətlərinin yuxarı hədləri müəyyənləşdirilib

14:06 06-01-2022 | icon 2170
Un və çörəyin qiymətlərinin yuxarı hədləri müəyyənləşdirilib

Son dövrdə dünyada baş verən iqtisadi proseslərin və COVID-19 pandemiyasının təsirləri, 2021-ci il ərzində dünya bazarlarında ərzaqlıq buğdaya tələbin artması və buğda istehsalçısı olan ölkələrin daxili bazarı qorumaq məqsədilə həyata keçirdiyi müxtəlif proteksionist tədbirlər fonunda ərzaqlıq buğdanın qiyməti kəskin artıb. Əlavə olaraq, ən böyük ərzaqlıq buğda istehsalçılarından biri və Azərbaycana ixrac edilən buğdanın əsas mənbə ölkəsi olan Rusiya Federasiyasının 2021-ci ilin fevral ayından yüksək ixrac rüsumları tətbiq etməsi səbəbindən ölkəmizə idxal olunan ərzaqlıq buğdanın qiymətində 2019-cu il ilə müqayisədə təxminən 58 faiz bahalaşma baş verib.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən YeniAvropa-ya bildirilib ki, Azərbaycanda ərzaqlıq buğdanın, unun və çörəyin qiyməti tənzimlənən tariflər əsasında deyil, bazar iqtisadiyyatı prinsiplərinə uyğun olaraq tələb-təklif əsasında formalaşır. 2021-ci il ərzində ərzaqlıq buğdanın dünya üzrə kəskin bahalaşmasının Azərbaycana təsirinin azaldılması məqsədilə hökumət tərəfindən ayrılmış böyük həcmdə subsidiyalar hesabına buğda və unun qiymətlərinin real qiymətlərdən aşağı saxlanılması təmin olunub. Təbii olaraq, subsidiyalar hesabına bu qiymətlərin uzunmüddətli dövrdə liberal iqtisadi tələblərə zidd olaraq qeyri-real səviyyədə saxlanılması mümkün deyildir. Nəticədə cari ilin əvvəlindən etibarən ərzaqlıq buğda tədarükü və un istehsalı ilə məşğul olan sahibkarlıq subyektləri tərəfindən unun qiyməti ərzaqlıq buğdanın hazırkı idxal qiymətinə uyğunlaşdırılıb. Satış bazarında qiymət manipulyasiyalarına yol verilməməsi məqsədilə preventiv tədbir olaraq, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bir sıra iri ərzaqlıq buğda idxalçıları, həmçinin un və çörək istehsalçıları ilə müzakirələr aparıb və prosesin nəzarətdə saxlanılması təmin edilib. Belə ki, idxal qiymətləri və emal xərcləri nəzərə alınmaqla, hazırda bu məhsula real qiymət formalaşıb, un və çörək istehsalçıları ilə qiymətin maksimal yuxarı həddi müəyyənləşdirilib: 50 kiloqramlıq bir kisə unun topdansatış qiyməti - 35,9 manat, 500 qramlıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti - 50 qəpik, 650 qramlıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti - 65 qəpik. Dövlət Xidməti qiymət hədlərinə əməl olunması üzrə ciddi nəzarət tədbirlərini davam etdirir. İlk günlərin monitorinqlərinin nəticələrinə əsasən, unun topdansatış qiyməti 35,4- 35,9 manat arasında dəyişir.

Hazırda Dövlət Xidməti un istehsalçılarının topdansatış mərkəzləri və məntəqələri, iş vaxtları və topdansatış qiymətlərinə dair mütəmadi şəkildə yenilənəcək məlumat bazası hazırlayır və bu gün ərzində ictimaiyyətə açıqlanacaq. İstehlakçılar un və çörək bazarında qiymət manipulyasiyası halları ilə rastlaşdıqda, həmçinin əlaqəli məlumat almaq məqsədilə Dövlət Xidmətinə müraciət edə bilərlər: əlaqə telefonu: (+99412)-599-76-00.