logo

Çağırışçıların müddətli həqiqi hərbi xidmətə yola salınmasına başlanılıb

16:30 05-01-2022 | icon 1883
Çağırışçıların müddətli həqiqi hərbi xidmətə yola salınmasına başlanılıb

Prezident İlham Əliyevin 2021-ci il noyabrın 23-də imzaladığı “Azərbaycan Respublikası vətəndaşlarının 2022-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Sərəncama əsasən 2004-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1987–2003-cü illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşlarının müəyyənləşdirilmiş qrafik əsasında xidmət yerlərinə göndərilməsinə başlanılıb.

YeniAvropa xəbər verir ki, bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən bildirilib.

Qeyd edilib ki, qurum tərəfindən çağırışçıların müddətli həqiqi hərbi xidmətə yola salınması yanvarın 30-dək davam etdiriləcək.

Yolasalmalar COVID-19 pandemiyası ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilmiş qərar və tövsiyələrə riayət edilməklə həyata keçirilir.